Britaniya polisi İngiltərənin cənub-şərqində nəqliyyat konteynerində 39 cəsəd aşkarlayıb. Onların Bolqarıstandan yük maşınında gəldiyi güman edilir.
Polis oktyabrın 23-də Şimali İrlandiyadan 25 yaşlı sürücünün qətldə şübhəli bilinərək saxlandığını bildirir.
Cəsədlərdən 38-i yetkin yaşlıya, biri yeniyetməyə məxsusdur. Konteyner Londonun 32 kilometrliyində yerləşən Waterglade Sənaye Parkında tapılıb.
“Bu faciəvi insidentdə xeyli sayda insan dünyasını dəyişib. Biz nə baş verdiyini müəyyənləşdirməyə çalışırıq”, – polis rəsmisi Andrew Mariner jurnalistlərə deyib. O, yük maşınının Bolqarıstandan gəldiyinə, oktyabrın 19-da ölkəyə girdiyinə inandıqlarını, təhqiqat aparıldığını əlavə edib.
Britaniyanın Baş naziri Boris Johnson “bu faciəvi hadisədən dəhşətə gəldiyini” söyləyib.