Rusiyada məhkəmə amerikalı keçmiş dəniz piyadası, casusluqda suçlanan Paul Whelan barəsində həbs qətimkan tədbirinin müddətini uzadıb. O, məhkəmədə deyib ki, həbsxana nəzarətçisi ona silahla hədələyib.
Oktyabrın 24-də Moskvadakı Lefortovo məhkəməsinin çıxardığı qərara görə, Whelan dekabrın 29-dək həbsdə qalacaq.
Whelan məhkəməyə sədrlik edən hakimin dəyişdirilməsini istəyib, hüquqlarının pozulmasına dair şikayətlərinin sistematik olaraq gözardı olunduğunu deyib. Ancaq onun vəsatəti yenə təmin olunmayıb.
Whelan məhkəməyə əlində kağızla daxıl olub, kağızın üzərində günahsız olduğunu yazıb, beynəlxalq liderləri onun azadlığa buraxılmasına çalışmağa çağırıb.
“Rusiya deyir ki, James Bondu casus missiyası zamanı tutub. Əslində isə onlar cənab Bean-i tətil vaxtı oğurlayıblar!” - kağızda yazılıb.
Kanada, İrlandiya və Britaniya vətəndaşlığı da olan 49 yaşlı Whelan 2018-ci ilin dekabrında Moskvada oteldə saxlanıb, məxfi informasiya qəbul etməkdə ittiham olunub. Ona irəli sürülən casusluq ittihamı 20 ilədək həbs cəzası nəzərdə tutur.
Whelan və ailəsi isə onun Moskvaya toya getdiyini deyir.