Polis etirazçıların üstünə gözyaşardıcı qaz buraxıb

Bağdadda etirazçılar, 5 oktyabr, 2019-cu il

Bağdadda polis yüzlərlə etirazçını dağıtmaq üçün gözyaşardıcı qaz və səs qumbarasına əl atıb. Nümayişçilər korrupsiyaya, işsizliyə, əsas xidmətlərin çatışmazlığına etiraz etmək üçün küçələrə çıxıblar.

Etirazçıların bəziləri gecəni Təhrir meydanında keçirib. Onlar hökumət binaları və səfirliklərin yerləşdiyi Yaşıl Zonaya doğru gedərkən təhlükəsizlik qüvvələri tərəfindən saxlanıblar.

“Reuters” tibb mənbələrinə istinadla 20-dək adamın gözyaşardıcı qaza məruz qaldığından xəstəxanaya aparıldığını bildirir.

Bəzi məlumatlara görə, polis havaya atəş də açıb.

***

Etirazçılar yenidən Bağdad küçələrinə çıxırlar

İraqın paytaxtı Bağdadda və ölkənin cənub hissəsində hökumətə qarşı çıxan etirazçılar yenidən küçələrə çıxır, kütləvi etirazlara hazırlaşırlar.

Oktyabrın 24-də Nəsriyyədə nümayişçilər deyiblər ki, “rejim çökənədək” küçələrdə qalacaqlar.

Bağdadın Təhrir meydanına 300-dən etirazçı yığışıb, çoxunun əlində İraqın üçrəngli bayrağı olub, hökumətin, elit siniflərin “kökünü kəsməyə” çağırıblar.

Bəzi etirazçılar “Bağdad azaddır, İran, buradan çıx!” qışqırıblar.

2003-cü ildə ABŞ-ın işğalından sonra diktator Saddam Hussein devriləndən bəri şiə İranın İraq üzərində nüfuzu böyükdür, bu ölkədə güclü şiə yaraqlıları dəstəkləyir.

Oktyabrın 1-də İraq küçələrində başlanan kütləvi etirazlarda azı 157 nəfər həlak olub, bunu bu yaxınlarda rəsmi təhqiqat üzə çıxarıb.

İraq ordusu etirazlar zamanı “aşırı güc”dən istifadə olunduğunu etiraf edib, bu hərəkətlərə yol verən zabitlərin məsuliyyətə cəlb olunduğunu bildirib.

Baş nazir Adil Abdul-Mahdi bir ilə yaxındır hakimiyyətdədir.

İraq əhalisi 40 milyona yaxındır, dünyanın beşinci neft istehsalçısı və ixracatçısıdır. Ancaq ölkə əhalisinin 20 faizindən çoxunun yoxsulluq içində yaşadığı bildirilir.

Gənclər arasında işsizlik 25 faizdir.