Rusiya Türkiyə ilə sərhədə keşik çəkməkdən ötrü Suriyaya 300-dək hərbi polisin göndərildiyini bildirir. Bu, Moskvayla Ankara arasında əldə olunmuş razılaşma çərçivəsində edilir.
Rusiyanın Müdafiə Nazirliyi oktyabrın 25-də bildirib ki, hərbi polis Çeçenistandan gedib, 20-dən artıq zirehli maşın isə Rostov və Krasnodar regionlarından Suriyanın qərbində Rusiyaya məxsus Hmeimim hava bazasına daşınıb.
Vaşinqtonun vasitəçiliyi ilə əldə olunmuş beşgünlük atəşkəs oktyabrın 22-də bitirdi. Rusiya və Türkiyənin əldə etdiyi razılaşmaya görə, sonuncunun Suriyayla sərhədinin 30 kilometrliyindən kürd silahlılarının çıxarılmasına Rusiya və Suriya qüvvələri nəzarət edəcək.
Oktyabrın 23-də Rusiya hərbi polisi ilk patrul xidmətini gerçəkləşirib.
***
Pentaqon Suriyada neft yataqlarını qoruyacaq
Pentaqon Suriyanın şimal-şərq regionunda hərbi iştirakını gücləndirəcəyini, İslam Dövləti (İŞİD) ekstremistlərinin neft yataqlarını ələ keçirə bilməsini önləyəcəyini deyir.
Bu qərar oktyabrın 24-də verilib. Bundan bir neçə gün öncə isə Prezident Donald Trump Suriyanın Türkiyə ilə sərhədindən ABŞ əsgərlərini çıxardığını elan edib. Bu açıqlamadan sonra Türkiyə həmin ərazidəki kürd qüvvələrə qarşı əməliyyata başladı.
Vaxtilə ABŞ qüvvələri və kürd döyüşçülərin əlində olan həmin əraziyə indi Türkiyə və Rusiya qüvvələri keşik çəkir. “AFP”nin müxbiri Qamışlıdan sərhəd boyunca qərbə doğru Rusiya bayraqları ilə uçan keşikçi təyyarənin uçduğunu görüb.
Buna da bax: Trump Suriyanı Rusiyaya necə təhvil verdi – Qərb mediasıTrump-ın hərbçiləri geri çəkmək qərarını həm demokrat, həm də respublikaçı konqresmenlər sərt tənqid edib. Kürd qüvvələrin əlində olan 10 minədək İŞİD məhbusunun qaça biləcəyi sarıdan da əndişə yaranıb.
“İŞİD-ə qarşı mübarizədə ABŞ və tərəfdaşlarının ən mühüm uğurlarından biri Şərqi Suriyada neft yataqlarına nəzarəti ələ almaq idi – bu, İŞİD-in əsas gəlir mənbəyi idi”, – müdafiə rəsmisi oktyabrın 24-də bəyanatında deyib.
Bəyanatda qeyd olunur ki, ABŞ Suriyanın şimal-şərqində SDF tərəfdaşları ilə birlikdə mövqeyini gücləndirəcək, həmin neft yataqlarının İŞİD-in, yaxud digər sabitsizlik yaradan oyunçuların əlinə keçməməsi üçün hərbi gücünü artıracaq.
Trump da oktyabrın 23-də deyirdi ki, neft yataqlarını qorumaqdan ötrü 200-300hərbçi qalacaq.
Suriyanın neft sənayesinin böyük hissəsi dağılıb, yalnız şərq hissəsində bəzi əməliyyatlar davam edir. Neft kürdlərin rəhbərlik etdiyi administrasiyanın da əsas gəlir mənbəyidir.
Kürdlər 2018-ci ildə İŞİD-i qovandan sonra Deyr əl-Zur vilayətindəki gəlirli neft yataqlarına nəzarəti ələ alıb.