'İşgəncələrə son!' kampaniyası başlayır

O.Gülalıyev

Oktyabrın 29-da Repressiya və İşgəncələr Əleyhinə Komitə «İşgəncələrə son qoyulsun!» adlı 10-günlük ictimai kampaniyaya start verdiyini açıqlayıb.

Bu barədə Komitənin koordinatoru Oqtay Gülalıyev məlumat verib. Onun sözlərinə görə kampaniyanın niyyəti onun adından görünür: «Son illər Azərbaycanda işgəncə halları ilə bağlı şikayətlər artıb. Bizim araşdırmalarımıza görə, son illər 30 nəfər insan işgəncə nəticəsində qətlə yetirilib. İşgəncələrin polis təcridxanalarında, saxlanma yerlərində, hətta hərbi bölmələrdə baş verdiyi bildirilir. Bizim bu kampaniyanın məqsədi işgəncə siyasətinə etiraz etməkdir».

O.Gülalıyev bildirib ki, kampaniya çərçivəsində 9 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb və 8 istiqamət üzrə iş görüləcək: «Biz işgəncələrə yol vermiş vəzifəli şəxslər barədə ölçü götürülməsi üçün aidiyyəti qurumlara rəsmi müraciətlər edəcəyik. Bundan əlavə, işgəncəyə məruz qaldığı bildirilən şəxslərin məhkəməyə şikayət ərizələri təşkil olunacaq, işgəncələrlə bağlı məlumatlar toplanacaq, sənəd hazırlanacaq və xarici dillərə tərcümə olunacaq. Biz işgəncələrlə bağlı sanksiyalar haqqında beynəlxalq təşkilatlar qarşısında məsələ qaldıracağıq…».

Onun deməsinə görə, kampaniya daxilində bir sıra başqa tədbirlər də planlaşdırılır.

O.Gülalıyevin işgəncələrdən ölənlərin sayı ilə bağlı qeyd etdiyi rəqəmə, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Rəsmilər saxlanma yerləri və cəzaçəkmə müəssisələrində işgəncə olması ilə bağlı şikayətləri, əsasən, əsassız sayırlar. Onların demələrinə görə, belə şikayətlər həqiqəti əks etdirmir və qərəzli olur.