Atambaev-in keçmiş köməkçisinə 7 il həbs kəsilib

Ikramjan Ilmiyanov məhkəmədə

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambaev-in keçmiş köməkçisi dələduzluq ittihamıyla 7 il həbs cəzasına məhkum edilib.

Oktyabrın 30-da Oktyabr Rayon Məhkəməsi Ikramjan Ilmiyanov-u 2017-ci ilin prezident kampaniyası dövründə 150 min dolları mənimsəməkdə təqsirli bilib.

Məhkəmə Ilmiyanov-un əmlakının müsadirəsi və 2 min 240 dollar ekvivalentində cərimələnməsi haqda da qərar çıxarıb.

Ilmiyanov son sözündə deyib ki, onun təqsiri sübuta yetirilməyib və məhkəməni “ədalətli qərar verməyə” çağırıb.

O, bir il öncə Rusiyanın Tatarıstan regionunda saxlanıb və Qırğızıstana ekstradisiya olunub.

Ilmiyanov Atambaev-un yaxın məsləkdaşlarından idi. Əvvəlcə onun şəxsi sürücüsü işləyib, sonradan prezident müşaviri vəzifəsinə yüksəlib.

63 yaşlı Atambaev isə avqustda, tərəfdarlarının təhlükəsizlik qüvvələri ilə ikigünlük qarşıdurmasından sonra polisə təslim olub. Keçmiş prezident qətl planlaşdırma, kütləvi iğtişaşların təşkili və digər ittihamlarda suçlanır.

Özü isə ittihamları rədd edərək onları siyasi motivli adlandırır.