Bakıda MDB Müdafiə Nazirləri Şurasının iclasıdır

MDB Müdafiə Nazirləri Şurasının iclası

«Təhlükəsizlik sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə dair prinsipial mövqe MDB Dövlət Başçıları Şurasının oktyabrın 11-də Aşqabadda və Hökumət Başçıları Şurasının oktyabrın 25-də Moskvada keçirilən iclaslarında bir daha təsdiqlənib».

AZƏRTAC-ın xəbərinə görə, bunu MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedev MDB Müdafiə Nazirləri Şurasının oktyabrın 30-da Bakıda keçirilən 77-ci iclasındakı çıxışında deyib. O bildirib ki, MDB Müdafiə Nazirləri Şurasının fəaliyyəti çoxsahəli hərbi əməkdaşlığın inkişafına davamlı töhfələr verir. Onun sözlərinə görə, MDB ölkələrinin müdafiə nazirlərinin hər bir görüşü üzv dövlətlərin hərbi əməkdaşlığın genişləndirilməsində ümumi maraqlarının olduğunu göstərir.

+++

Bu gün, oktyabrın 30-da Bakıda Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclası başlayıb.

İclasda Azərbaycanın, Rusiyanın, Belarusun, Qazaxıstanın, Özbəkistanın, Tacikistanın müdafiə nazirləri və Qırğızıstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi iştirak edirlər.

İclasda cari hərbi əməkdaşlıq və qarşıda duran məsələlər müzakirə olunur.

AZƏRTAC-ın xəbərinə görə, Azərbaycanın Müdafiə naziri Zakir Həsənov iclasda deyib: «Bu iclasın Bakıda keçirilməsi bizim üçün böyük şərəfdir. Ümid edirəm ki, bugünkü iclas çox səmərəli, dolğun keçəcək və münasibətlərimizin gələcək inkişafına xidmət edəcək...».

Xatırlatma

Müstəqil Dövlətlər Birliyi (MDB) 1991-ci ilə, SSRİ-nin dağılmasından sonra yaradılıb.

Baltikyanı respublikaları çıxmaqla, keçmiş SSRİ-yə daxil olan bütün respublikalar ona daxil olub. Azərbaycan bu birliyə 1991-ci ildə qoşulsa da, Milli Məclis bunu yalnız iki il sonra ratifikasiya edib.

Rusiyanın Gürcüstana 2008-ci ildə hərbi müdaxiləsindən sonra bu ölkə MDB-dən çıxdığını bəyan edib.