Rusiya 2016-cı ildə azı bir seçicinin ‘fikrini dəyişdirib’

John Brennan

Rusiyanın ABŞ-da 2016-cı il prezident seçkisinə müdaxiləsi nəticəsində azı bir seçici fikrini dəyişib. Bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş direktoru John Brennan deyir. Ancaq o, Rusiyanın maxinasiyalarının səsvermənin nəticəsinə təsir göstərdiyini söyləməyib.

Brennan oktyabrın 30-da Vaşinqtonda Milli Mətbuat Klubunda çıxış edib. O deyib ki, “Rusiyanın cəhdləri sayəsində azı bir seçicinin fikrini dəyişməsindən şəxsən” əmindir.

“Söhbət bir seçicidən gedir, yoxsa bir milyondan, bilmirəm”, – o deyib. Tədbirdə digər keçmiş kəşfiyyat rəsmiləri də iştirak edib.

Brennan 2013-2017-ci illərdə, keçmiş demokrat prezident Barack Obama administrasiyası dövründə MKİ direktoru vəzifəsində çalışıb

ABŞ-da bir sıra rəsmi təhqiqatlar Rusiya hakerləri və trollarının 2016-cı il seçkisindən öncə müxtəlif kanallarla ictimai fikrə təsir göstərməyə çalışdığı qənaətinə gəlib.

Kreml isə ittihamları rədd edib.

Brennan deyir ki, bu kampaniyanın müəyyən təsiri olmasından əmindir.

“Nə qədər, hansı ştatlarda, bilmirəm. Nəticəni dəyişə bilibmi, bilmirəm”, – deyən Brennan MKİ-nin müdaxilə kampaniyasının səsverməyə təsirini “dəyərləndirməyini” vurğulayıb.