Kərbəlada etirazçılar İran konsulluğuna hücum edib

Kərbəlada etirazçılar İran konsulluğunu daşa tutur

İraqın müqəddəs Kərbəla şəhərində etirazçılar İran konsulluğuna hücum ediblər. Bir neçə gündür İraqda korrupsiya və işsizliyə qarşı etirazlar davam edir, İranın ölkənin işlərində iştirakı tənqid olunur.

“The Associated Press” şahidlərə istinadla etirazçıların noyabrın 3-də İranın bayrağını yerə salaraq yerinə İraq bayrağı sancdığını xəbər verir.

İnternetdə yayılmış həvəskar çəkilişdə etirazçıların konsulluğun divarından Molotov kokteylləri atdığı görünür.

Təhlükəsizlik qüvvələri ilə toqquşmalarda 3 etirazçı öldürülüb, 12 nəfər yaralanıb. Bunu İraqın İnsan Haqları üzrə Ali Komissarlığı noyabrın 4-də bildirib.

Hələlik, İran rəsmiləri məsələyə münasibət açıqlamayıb.

Buna da bax: İran Suriya və İraqda silahlılara 16 milyard dollar ‘xərcləyib’

“Milyardlarla dollar ziyan”

Nümayişçilər işsizliyin yüksəkliyinə, dövlət xidmətlərinin zəifliyinə, neftlə zəngin ölkədə korrupsiyanın yayılmasına etiraz edirlər.

İndiyədək əsasən Bağdadda və ölkənin cənubundakı şiə regionlarında 250-dən çox adam öldürülüb.

Ötən həftə internetdə yayılmış videolarda İranın Ali dini lideri Ayətulla Ali Khamenei-nin, elit Qüds Qüvvələrinin başçısı General Qassim Soleimani-nin üzlərindən xətt çəkilmiş şəkilləri olan plakatlar qaldırıblar.

İraqda diktator Saddam Hussein devriləndən sonra şiə İranı bu ölkədə nüfuzunu artırıb, şiə yaraqlıları dəstəkləməyə başlayıb. Bu sıraya İraqın Xalq Səfərbərlik Qüvvələri də daxildir. Bu dəstək isə İraqın sünni azlığının narazılığına səbəb olub.

Vaşinqton Bağdada hərbi, siyasi və maliyyə dəstəyi göstərir və Bağdad həm ABŞ, həm də qonşu İranla əlaqələri balanslaşdırmağa çalışır.

İraqın baş naziri noyabrın 3-də etirazçıları ölkədə normal həyatın bərpasına kömək etməyə çağırıb, deyib ki, iğtişaşlar iqtisadiyyata “milyardlarla dollar” ziyan vurur.

Adil Abdul-Mahdi bəyanatında deyib ki, “siyasi sistemi çalxalayan” etirazçılar məqsədinə çatıb və ölkənin ticari və iqtisadi həyatına təsiri dayanmalıdır.

“Neft maraqlarına təhdid və İraqın limanlarına gedən yolların bağlanması milyardlarla dolları aşan itki vurur”, – deyən baş nazir iğtişaşların malların qiymətini qaldırması xəbərdarlığını edib.