E.Məmmədyarov İsveçə gedib

E.Məmmədyarov

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov İsveç Krallığına gedib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) noyabrın 4-də yaydığı məlumatda bildirilir.

Məlumata görə, səfərdə məqsəd Şərq Tərəfdaşlığına üzv ölkələrin nazirlərinin bu proqramın 10 illik yubileyinə həsr olunmuş iclasında iştirak etməkdir. Toplantı noyabrın 5-də keçirilməlidir.

Avropa Birliyinin (AB) «Şərq Tərəfdaşlığı» proqramının əsası 2009-cu ildə qoyulub. Proqram AB-nin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb. 2017-ci ilin noyabrında qurumla Ermənistan arasında də tərəfdaşlıq sazişi imzalanıb.

Azərbaycanla da belə sazişin imzalanması ilə bağlı danışıqlar 2017-ci ilin əvvəlindən başlayıb. Ancaq, hələlik, tərəflər arasında tərəfdaşlıq sazişi imzalanmayıb.