'Kanal-13' rəhbərinin cəzası ləğv edilmədi

Ə.Orucov

«Kanal-13» internet televiziyasının təsisçilərindən Əziz Orucov üzərindəki şərti cəzanın və məhkumluğun götürülməsi üçün məhkəməyə üz tutmuşdu. Noyabrın 5-də Nəsimi rayon Məhkəməsi jurnalistin iddiasını təmin etməyib. Hakim Şəlalə Həsənova belə nəticəyə gəlib ki, şərti cəzanın ləğvi üçün əsas yoxdur, çünki Ə.Orucov islah olunduğunu sübut edə bilməyib.

Ə.Orucov AzadlıqRadiosuna bildirib ki, bu qərardan apellyasiya şikayəti verəcək. Onun sözlərinə görə, qərar qərəzlidir və ədalətsizdir, «Kanal-13»ün obyektiv fəaliyyətinə görə qisas məqsədi güdür. Ə.Orucov deyir ki, bu, hakim Ş.Həsənovanın ona qarşı birinci qərəzi deyil: «Məni əvvəlcə şərləyib 30 gün inzibati həbs cəzası vermişdilər. Bu cəza müddəti başa çatanda cinayət işi başlayıb, yenidən həbs-qətimkan tədbiri seçmişdilər. O zaman mənim haqqımda ilk həbs qərarını da sifarişlə bu hakim vermişdi. O zaman məni polisə müqavimətdə ittiham edəndə dedim ki, həqiqəti bilmək istəyirsə, saxlandığım yerdə kamera görüntülərinə baxsın. Amma eləməmişdi...».

Məhkəmədə dövlət ittihamçısı Rauf Malışov deyib ki, Ə.Orucov «hələ islah olunaraq tərbiyələnməyib». Ə.Orucov isə bildirir ki, bu ifadə onun ünvanına təhqirdir: «Mən heç vaxt nə cəmiyyətə, nə insanlara münasibətdə tərbiyəsizlik etməmişəm. Tərbiyəsizlik ədalətsizlik etməkdir, qanunları tapdalamaqdır».

Şərti məhkumluğun yaratdığı çətinliklərdən danışan Ə.Orucov ölkədən çıxışına məhdudiyyət qoyulduğunu, mütəmadi məhkəmə icraçılarıyla əlaqədə olmağa, onların çağırışlarına getməyə məcbur olduğunu söyləyir.

Xatırlatma

Ə.Orucov 2017-ci il mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanıb, ona 30 sutka inzibati həbs cəzası verilib. Azadlığa buraxılmalı olduğu gün – iyunun 1-də Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində barəsində cinayət işi başlanıb. Ona CM-nin 192 (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib.

Jurnalist Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi də bu hökmü qüvvədə saxlayıb. 2018-ci ilin aprelində Ali Məhkəmə jurnalistin 3 il şərti cəza ilə azadlığa buraxılmasına qərar verib.

Ə.Orucov ittihamların saxta, özünün də təqsirsiz olduğunu deyir.

Jurnalistin Almaniyada mühacir həyatı yaşayan qardaşı Anar Orucov deyirdi ki, onun tənqidçi fəaliyyətinə görə Ə.Orucovu cəzalandırıblar. Ancaq rəsmilər ölkədə insanların qohumlarına və ya peşə fəaliyyətinə görə cəzalandırılmadığını, bütün fundamental azadlıqların qorunduğunu iddia edirlər.