Rusiyada uşaq tok-şousunun araşdırılması ‘dəlilikdir’

Rusiyada təqib olunan gey cütlük ABŞ-a qaçıb, arxiv fotosu

Human Rights Watch (HRW) insan haqları qrupu Rusiyada uşaq tok-şousuyla bağlı cinayət işi açılmasını tənqid edib. Tok-şouda uşaqlar bir geyi həyatı barədə sorğu-suala tutublar.

Təhqiqat “uşaqlara qarşı seksual hücum” iddiaları üzrə aparılır. Rusiya qanunvericiliyi bu maddə üzrə 20 ilədək həbs cəzası nəzərdə tutur.

Qurum noyabrın 6-da yaydığı bəyanatında bildirir ki, Rusiya hakimiyyəti əvvəllər gey təbliğatı haqda qanundan “LGBT-yə rəğbət ifadə olunan informasiyanı boğmaq” üçün istifadə edib.

“Bu dəliliyi dayandırmaq lazımdır”

“İndi isə müstəntiqlər uşaqların tok-şou müsahibəsini uşaqlara qarşı cinsi təcavüzə bərabərləşdirirlər”, – Nyu Yorkda mənzillənən təşkilat vurğulayır.

“Bu dəliliyi dayandırmaq lazımdır”, – bəyanatda vurğulanır.

Rusiyada “Real söhbət” YouTube kanalında bir neçə uşaq fərqli həyat təcrübəsi olan şəxslərlə görüşərək onlara suallar verir.

Buna da bax: Elton John özü haqqında filmdən gey səhnələrin kəsilməsinə etiraz edir

Noyabrın 2-də Moskvada müstəntiqlər “azyaşlılara cinsi təcavüz” maddəsi üzrə cinayət işi açıldığını təsdiqləyiblər. Bundan öncə kanalda uşaqlara öz həyatından danışan gey haqda video yerləşdirilib.

Videoda 21 yaşlı kişi söhbət zamanı seksual oriyentasiyasını necə və nə vaxt aşkarladığını izah edir, nə vaxtsa uşaq sahibi olacağına ümidini bildirir, ailəsi və dostları, adamların ona necə yanaşmasından danışır.

Valideynlərin şikayəti yoxdur

Uşaqlarla üzbəüz keçirilən söhbət zamanı cinsi, yaxud fiziki yaxınlıq barədə heç bir müzakirə aparılmayıb. Çəkiliş zamanı uşaqların valideynləri də kadr arxasında olublar.

Roskomnadzor dövlət mediaya nəzarət qurumu videonu bloklayıb, kanal sahibləri isə YouTube hesablarını siliblər.

Bu seriyada müxtəlif irqlərdən, nəsillərdən olan, fərqli həyat tarixçəli adamlar çəkilib.

“Pravozashchity Otkrytki” insan haqları təşkilatından Valentina Dekhtyarenko videodakı uşaqların valideynlərinin şikayəti olmadığını deyib.

Onun sözlərinə görə, müstəntiqlər uşaqlardan azı ikisinin analarını valideynlik hüququnun itirilməsi ilə hədələyib.

2013-cü ilin iyunundan Prezident Vladimir Putin gey təbliğatı haqda qanun imzalayıb. Rusiya və xaricdə insan haqları fəalları qanunu kəskin tənqid ediblər. Avropa İnsan Haqları Məhkəməsi bu qanunun geylərə qarşı ayrıseçkilik yaratması haqda qərar çıxarıb.