Azərbaycanın Konstitusiya günüdür

Sizin brauzer HTML5-i dəstəkləmir

Əliyevlərin xeyrinə 3 Konstitusiya dəyişikliyi

1995-ci il noyabrın 12-də Azərbaycanın Konstitusiyası qəbul olunub. Artıq Azərbaycanda noyabrın 12-si 24 ildir ki, Konstitusiya Günü kimi qeyd edilir.

Müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edən ilk Konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət olub.

Ekspertlərin fikrincə, Konstitusiyanın qəbulu təkcə yeni ictimai sistemin hüquqi tanınması faktı yox, həm də ölkənin inkişafının yeni mərhələyə qədəm qoymasının göstəricisi idi.

24 il ərzində Konstitusiyaya üç dəfə- 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də, 2016-cı il sentyabrın 26-da referendum yolu ilə əlavə və dəyişikliklər edilib.

2002-ci il dəyişikliklərindən sonra ölkədə proporsional seçki sistemi (Proporsional seçki sistemi — səslərin ayrı-ayrı şəxslərə deyil, partiyalara verilməsi. 2009-cu ilə qədər Azərbaycan parlamentində yerlərin beşdə biri, 25 deputat bu sistemlə seçilirdi -AR) ləğv edildi və baş nazir Milli Məclis sədrindən önə çıxaraq ölkədə ikinci şəxs statusu aldı.

2009-cu ildə də bir şəxsin ardıcıl iki dəfədən çox prezident seçilməsinə qoyulan qadağa aradan qaldırıldı. Bundan sonra prezident İlham Əliyev üçüncü və dördüncü dəfə prezident seçildi.

Nəhayət, 2016-cı il referendumunda isə prezidentlik müddəti 5 ildən 7 ilə qədər artırıldı. Ölkədə vitse-prezidentlik statusu təsis edildi. Bundan bir il sonra - 2017-ci ildə ölkəyə 2003-cü ildən rəhbərlik edən prezident İ.Əliyev öz xanımı Mehriban Əliyevanı Birinci vitse-prezident vəzifəsinə təyin etdi.

2009-cu ilə kimi Konstitusiya Günü qeyri-iş günü olsa da, həmin vaxtdan artıq iş günüdür.