ABŞ Prezidenti Donald Trump deyir ki, bu həftənin sonunadək Ukrayna Prezidenti Volodymyr Zelenskiy ilə ilk telefon söhbətinin mətnini yayacaq. Həmin söhbət aprelin 21-də, keçmiş komediyaçı prezident seçiləndən sonra baş tutub.
“Tarixdə ən Şəffaf Prezident olmağı davam etdirərək bu həftə Ukrayna Prezidenti ilə ilk, ona görə də ən mühüm telefon söhbətimin mətnini yayacağam. Əminəm ki, bu, sizin üçün cəlbedici olacaq!” – Trump noyabrın 11-də tvitində yazıb.
İmpiçment araşdırması açıq dinləmələrə keçir
Bu arada Konqresdə demokratların rəhbərliyi ilə aparılan impiçment araşdırması noyabrın 13-də açıq dinləmələr formasına keçir.
Araşdırmanın mərkəzində Trump-ın Zelenkskiy ilə 25 iyul telefon söhbəti dayanır. Həmin söhbətdə Trump-ın gələnilki prezident seçkisində siyasi rəqibiylə bağlı araşdırma aparmaqdan ötrü təzyiq göstərib-göstərmədiyi araşdırılır.
Buna da bax: Demokratlar ilk açıq impiçment dinləmələrinə başlayırlarRespublikaçı Trump həmin söhbət zamanı Ukrayna prezidentinə deyib ki, keçmiş vitse-prezident Joe Biden və oğlu Hunter haqda araşdırma aparılsın.
Telefon söhbətinin ictimaiyyətə açıqlanmış versiyasında “kömək”dən söhbət gedir. O vaxt Trump-ın Kiyevə 400 milyon dollarlıq hərbi yardımı saxladığı vurğulanır.
Milli Təhlükəsizlik Şurasının Ağ evə təhkim olunmuş rəsmisi, polkovnik leytenant Alexander Vindman ifadəsində deyib ki, aprelin 21-də Trump-la Zelenskiy arasında “həqiqətən çox yaxşı telefon söhbəti” olub.