Əfqanıstan hökuməti üç aparıcı talibançını azadlığa buraxıb. Onların sırasında Haqqani şəbəkəsinin lideri Sirajjuddin Haqqaninin kiçik qardaşı Anas Haqqani da var.
Prezident Ashraf Ghani bir gün öncə deyirdi ki, talibançılar iki professorun müqabilində azad olunacaq.
Nə Taliban, nə də bu silahlı qruplaşmanın tərkib hissəsi olan Haqqani şəbəkəsi indiyədək məsələni şərh edib.
ABŞ-ın Əfqanıstandakı səfiri John Bass AzadAvropa/AzadlıqRadiosuna deyib ki, Birləşmiş Ştatlar Ghani-nin üç məhbusu buraxmaq kimi “cəsarətli” qərarını “güclü” şəkildə dəstəkləyir. O, silahlıları bunun əvəzində “Əfqanıstanın təhlükəsizlik əməkdaşları məhbuslarını, qərbli girovları” buraxmağa çağırıb.
***
Professorları talibançılarla dəyişəcəklər
Əfqanıstan Prezidenti Ashraf Ghani deyir ki, hökuməti üç talibançı məhbusu Kabildəki Amerika Universitetinin iki professoru ilə dəyişməyə hazırdır. Professorlardan biri amerikalı, digəri avstraliyalıdır.
Talibançıların içində Haqqani şəbəkəsi lideri Sirajjuddin Haqqaninin kiçik qardaşı Anas Haqqani də var.
Ghani noyabrın 12-də keçirilən mətbuat konfransında məhbusların Bagram həbsxanasında saxlandığını deyib.
Taliban 2016-cı ilin avqustunda saxlanmış amerikalı Kevin King və avstraliyalı Timothy Weeks-i buraxsa məhbuslar da azad olunar, Ghani söyləyib.
“İki professorun izinə düşmək cəhdlərimiz nəticə vermədi və əlimizdə olan informasiya terrorçuların əlində olduqları zamanı onların səhhət və sağlamlıqlarının pisləşdiyini göstərir”, – o vurğulayıb.
60 yaşlı King və 48 yaşlı Weeks 2016-cı ilin avqustunda Taliban tərəfindən oğurlanıb.
Əfqan rəsmiləri Anas Haqqani ilə yanaşı daha iki tanınmış talibançı – Hafiz Rashid Omari və Haji Milli Khan-ın da buraxılacağını deyiblər.
“Onlar ABŞ-ın nəzarəti altında Qətərə göndəriləcəklər”, – adı çəkilməyən bir əfqan rəsmisi AzadAvropa/AzadlıqRadiosuna deyib.
Bu sövdələşmə Talibanla Əfqanıstan hökuməti arasında sülh danışıqlarına yol aça bilər. İndiyədək silahlı qruplaşma Əfqanıstan hökumətilə danışıqlardan imtina edib, onu ABŞ-ın oyuncağı adlandırıb.
Haqqani şəbəkəsi 2018-ci ilin sentyabrında vəfat etmiş Jalaluddin Haqqani tərəfindən yaradılıb.