Moldova hökuməti etimad səsverməsindən çıxmadı

Maia Sandu

Moldovada Baş nazir Maia Sandunun başçılıq etdiyi qərbpərəst hökumət etimad səsverməsindən çıxmayıb.

Noyabrın 12-də 101 deputatdan 63-ü Sandu hökumətinin əleyhinə səs verib. Oliqarx Vlad Plahotniuc-un təsis etdiyi Moldova Demokratik Partiyasından (PDM) deputatlar Rusiyaya bağlı Moldova Sosialist Partiyasından (PSRM) həmkarları ilə birləşərək administrasiyanı devirib.

Rusiyapərəst Prezident Igor Dodon-un rəhbərlik etdiyi PSRM noyabrın 8-də hökumətə etimad səsverməsi keçirmək təklifini irəli sürüb. Bundan öncə Sandu hökuməti baş prokuroru təyinetmə prosedurunu dəyişib, bu vəzifəyə namizədləri baş nazir irəli sürəcək.

Fevral seçkisindən sonra avropayönlü ACUM alyansının dəstəklədiyi Sandu PSRM ilə koalisiyaya girib.

Noyabrın 4-də PSRM-dəm namizəd Kişinau meri seçiləndən sonra koalisiya daxilində münasibətlər gərginləşib. O, ACUM namizədi Andrei Nastase-ni məğlub edib.

Hazırda sosialistlər Kişinau yerli şəhər şurasında ən güclü siyasi qüvvədirlər.

Moldova Qərbin istədiyi islahatları gerçəkləşdirməyə çalışır. Beş il qabaq dövlətə məxsus banklardan 1 milyard dollardan artıq vəsait yoxa çıxmışdı. Bu, ölkə iqtisadiyyatını daha da çətin durumu saldı, hökumətin getməsiylə sonuclandı.