Bu gün, noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində göyərtəsində Azərbaycanın rəsmi şəxslərinin olduğu «Mi-8» helikopterinin vurulmasından 28 il ötür.
Rəsmi açıqlamaya görə, nəticədə helikopterdə olan 22 nəfərin hamısı həlak olub. Onların arasında Azərbaycanın daxili işlər naziri Məhəmməd Əsədov, baş prokuror İsmət Qayıbov, dövlət katibi Tofiq İsmayılov, onun köməkçisi Rafiq Məmmədov, deputat Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri Osman Mirzəyev olub. Habelə, Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Cəfərov, jurnalist Alı Mustafayev, operator Fəxrəddin Şahbazov, işıqçı Arif Hüseynzadə, Rusiya və Qazaxıstan hərbi müşahidəçiləri də bu faciədə həlak olublar.
İlkin rəsmi məlumatlarda helikopterin dumana düşərək qayaya çırpılması ehtimalı irəli sürülsə də, sonradan onun vurulduğunun təsdiqləndiyi açıqlanıb.
Faktla bağlı 1991-ci il noyabrın 21-də Hərbi Qarnizon Prokurorluğu cinayət işi açıb. İstintaq Respublika Prokurorluğunda davam etdirilib.
Sonradan cinayət işi üzrə istintaq dayandırılıb. Buna hadisənin baş verdiyi ərazinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı əsas gətirilib. Cinayəti törədən şəxs və ya şəxsləri müəyyənləşdirmək mümkün olmayıb.
Azərbaycan helikopteri Dağlıq Qarabağdakı separatçı qüvvələrin qeyri-qanuni silahlı qüvvələrinin vurduğunu bildirir.
Xatırlatma
Dağlıq Qarabağ münaqişəsi müasir mərhələdə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə tərəflər arasında gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in ( ATƏM) Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir.