Vertolyot qəzasında iki ABŞ əsgəri həlak olub

Əfqanıstanda ABŞ əsgəri, arxiv fotosu

ABŞ ordusu Əfqanıstanda vertolyot qəzasında iki hərbçisinin həlak olduğunu bildirir.

Əfqanıstandakı ABŞ Qüvvələri noyabrın 20-də baş vermiş qəzanın araşdırıldığını deyir və əlavə edir ki, “ilkin məlumatlar bunun düşmən atəşindən baş vermədiyini göstərir”.

Taliban silahlı qruplaşması yerli vaxtla gecə saat 1-də şərqi Loqar vilayətində vertolyot vurduğunu, “heyət üzvlərinin hamısının həlak olduğunu” bildirib.

Əfqanıstan Müdafiə Nazirliyinin sözçüsü isə iddianı rədd edib, “vertolyot qəzasına düşmən atəşinin səbəb olmadığını” bəyan edib.

Sözçü Fawad Aman Əfqanıstanın təhlükəsizlik əməkdaşlarından xəsarət alan olmadığını sözlərinə əlavə edib.

Silahlı qruplaşma vertolyot və dron qəzaları üçün çox vaxt məsuliyyəti götürür, ancaq ortaya dəlil qoymur.

Bu ilin əvvəlindən Əfqanıstanda döyüş şəraitinə bağlı insidentlərdə 19 ABŞ hərbçisi həlak olub.

Bu ölkədə təxminən 14 min ABŞ hərbçisi, minlərlə Avropa əsgəri var, onlar NATO-nun başçılıq etdiyi missiyanın tərkibindədirlər.