Müsavat başqanının müavini: 'Polis bölməsində söhbətlər mitinq barədə idi'

R.Əmiraslanlı

Müsavat Partiyası başqanının həbsdə olan müavini Razim Əmiraslanlının avtobus sürücüsünü söydüyünə, ondan intizamlı olmağı istəyən polislərin bu tələbinə tabe olmadığına görə cəzalandırıldığı iddia olunur. Amma R.Əmiraslanlı deyir ki, yalandır, Müsavat Partiyasının noyabrın 12-də Bakı şəhər İcra Hakimiyyətinin qarşısında keçirməyi planlaşdırdığı piketdə iştirakına imkan verməmək üçün onu bir gün əvvəl saxta ittihamla həbs ediblər. O, bu haqda noyabrın 20-də Bakı Apellyasiya Məhkəməsində danışıb. Orada R.Əmiraslanlının 15 günlük inzibati həbsi barədə Binəqədi rayon Məhkəməsinin qərarından verilən şikayətə baxılıb.

Müsavat başqanının müavini deyir ki, onu hələ noyabrın 10-da telefon vasitəsilə polis bölməsinə çağırmışdılar. Bildirdiyinə görə, noyabrın 11-də səhər saatlarında Binəqədi rayonu, 6-cı polis bölməsinə gedib, orada bölmənin rəisi və müavini ilə söhbətləri olub: «Polis bölməsində söhbətlər Müsavat Partiyasının təyin etdiyi mitinq və Bakı şəhər İcra Hakimiyyətinin qarşısındakı piket barədə oldu. Bir qədər sonra elə bölmədə guya dayanacaqda söyüş söyməyim barədə protokol tərtib edib, məhkəməyə apardılar, 15 sutkalıq həbs qərarı aldılar».

Sizin brauzer HTML5-i dəstəkləmir

Müsavatçılar piketə cəhd edir

R.Əmiraslanlının sözlərinə görə, Binəqədi rayon Məhkəməsində onun işinə baxılanda söyüş söydüyü iddia olunan ərazidəki kamera görüntülərinə baxış keçirilməsi, onu intizama dəvət etdiyi bildirilən polislərin telefonlarının anten dairəsi ilə bağlı məlumatların mobil operatorlardan alınmasını istəyib. Amma onun istəyi təmin olunmayıb.

Bakı Apellyasiya Məhkəməsində hakim Vaqif Mursaqulov da onun həm bu məsələlərlə bağlı vəsatətlərini, həm də qərardan verdiyi şikayəti təmin etməyib.

Vəkil Nemət Kərimli AzadlıqRadiosuna bildirib ki, inzibati işlərlə bağlı ölkə daxilində sonuncu hüquqi müdafiə vasitəsi apellyasiya məhkəməsidir. Ona görə də qərardan Avropa İnsan Haqları Məhkəməsinə şikayət edəcəklər.