UEFA Rumıniyayla bağlı irqçi iddiaları araşdırır

Rumıniyalı azarkeşlər, arxiv fotosu

UEFA bildirib ki, Rumıniyada azarkeşlərin isveçli oyunçuya qarşı irqçi davranışıyla bağlı iddiaları araşdırır. İnsident gələn il keçiriləcək Avropa çempionatının təsnifat mərhələsində baş verib.

Noyabrın 15-də İsveçin Buxarestdə 2-0 qələbə çaldığı oyun zamanı futbolçu Alexander Isak hakimə şikayət edib.

Yerli azarkeşlərə xəbərdarlıq olunmasından ötrü oyun qısa müddətə dayandırılıb.

Rumıniya gələn il Avropa çempionatına ev sahibliyi edəcək 12 ölkədən biridir.

Bu ölkənin futbol federasiyasına qarşı hazırda “qanunsuz bayraq” və “qanunsuz şüarlar” iddiaları üzrə araşdırma aparılır.

Bundan öncə azarkeşlərin yol verdiyi təhqiramiz davranışa görə Rumıniya birillik sınaq müddəti ilə üzləşib, daha sərt intizam tədbiri tətbiq oluna bilər.

İstənilən cəza Rumıniyanın 2020-ci ilin martına təyin olunmuş pleyof yarışmasına təsir göstərə bilər. Bu ölkə də dörd ildən bir keçirilən qitə çempionatına düşməyə çalışır.