Smartfon və kompüterlərə Rusiya proqram təminatı salınacaq

Arxiv fotosu

Dövlət Duması Rusiyanın proqram təminatı quraşdırılmayan smartfon və kompüterlərin satışını yasaqlayan qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

Sənədə görə, 2020-ci il iyulun 1-dən qacetlərə Rusiyanın proqram təminatı salınmalıdır. Qanun layihəsinə izahedici siyahıda smartfonlar, kompüterlər, Smart TV funksiyalı televizorlar daxildir.

Duma fraksiyalarının dördü də bu layihəni dəstəkləyir. Layihə müəlliflərinin fikrincə, onun qəbulu Rusiya İT şirkətlərinin inkişafına töhfə verəcək, onları xarici korporasiyalarla “bərabər rəqabət mühiti”nə çıxaracaq.

Dövlət Duması qanun layihəsinin “rusiyalı istehlakçısının hüquqlarının qorunmasını” hədəflədiyini bildirir.

“The Bell” nəşri yazır ki, prezident administrasiyasının da dəstəklədiyi qanun layihəsi qeyri-rəsmi olaraq “Apple şirkətinə qarşı qanun” adlandırırlar. Adı çəkilməyən rəsminin sözlərinə görə, məhdudiyyətlər məhz bu korporasiya və onun məhsullarına qarşı yönəlib.

Apple şirkətinin iOS əməliyyat sistemi kənar tətbiqlərin quraşdırılmasına imkan vermir.