Nyu York şəhərinin keçmiş meri, milyarder Michael Bloomberg prezidentliyə namizədliyini verib. O, noyabrın 24-də Demokrat Partiyasından seçki yarışına qoşulub.
“Donald Trump-ı məğlub etmək və Amerikanı yenidən qurmaqdan ötrü prezidentliyə namizədliyimi verirəm. Daha dörd il Prezident Trump-ın ehtiyatsız və qeyri-etik hərəkətlərinə dözə bilmərik”, – o, bəyanatında deyib.
77 yaşlı Bloomberg martda demişdi ki, 2020-ci ildə Ağ evdə baş posta namizədliyini verməyəcək.
Onun addımı Demokratların seçki siyahısında öndə gedən namizədlərə gecikmiş də olsa rəqabət təşkil edir. Onların sırasında keçmiş vitse-prezident Joe Biden, İndiana ştatında Saut- Bend şəhərinin meri Pete Buttigieg, tanınmış liberal senatorlar Elizabeth Warren və Bernie Sanders də var.
Bloomberg Uol Stritə qarşı çıxan Warren və onun super zənginlərdən vergi tutaraq ümumi səhiyyə və pulsuz kollec təhsili proqramlarını maliyyələşdirmək planını tənqid edir.