Drezden muzeyindən 1 milyard avroluq cavahirat oğurlanıb

Yaşıl Qübbə, arxiv fotosu

Avropanın ən böyük cavahirat kolleksiyasının yerləşdiyi Almaniya dövlət muzeyində oğurluq olub. Media itkinin bir milyard avroyadək yüksəldiyini bildirir.

Drezden Kral Sarayındakı Yaşıl Qübbəyə bu gün – noyabrın 25-də səhər giriblər. Burada fil sümüyündən, qızıl, gümüşdən hazırlanmış 4 minədək qiymətli əşya və cavahirat saxlanır.

Polis oğurluğun baş verdiyini təsdiqləyib, oğruların hadisə yerindən qaçdığını bildirib.

Rəsmilər dəqiq rəqəm açıqlamasalar da, “Bild” qəzeti “dəyəri bir milyard avroya yaxın qədim əşyaların oğurlandığını” xəbər verib.

Qəzet yazıb ki, cinayətkarlar yaxşı mühafizə olunan saraya yaxınlıqdakı enerji paylayıcısına hücum edərək, pəncərədən dırmaşaraq keçiblər.

“Yaşıl Qübbə” Avropada ən qədim muzeylərdəndir, 1723-cü ildə Sakson kralı Qüdrətli Avqust tərəfindən yaradılıb.

Drezden Dövlət İncəsənət Kolleksiyası 12 muzeydən ibarətdir. Qübbə isə tarixi və yeni hissələrə bölünüb.

Oğurluq muzey xəzinəsinin təxminən 75 faizinin yerləşdiyi tarixi hissədə baş verib.

Bu, Almaniyada son illərin ikinci böyük oğurluğudur. 2017-ci ildə Berlindəki Bode Muzeyindən 100 kiloqramlıq, 24 karatlıq nəhəng qızıl sikkə oğurlanmışdı.