Özbəkistanda tanınmış insan haqları fəalı, keçmiş prezident Islam Karimov-un açıq tənqidçisi Tolib Yoqubov vəfat edib. O, on ildən artıq Fransada mühacirətdə yaşamışdı, bir il idi Özbəkistana qayıtmışdı.
Yoqubov-un qohumları AzadAvropa/AzadlıqRadiosuna deyiblər ki, o, noyabrın 27-də 79 yaşında öz əcəli ilə dünyasını dəyişib.
Özbəkistan İnsan Hüquqları Cəmiyyətinin təsisçisi olan Yoqubov 2007-ci ildə təhlükəsizlik səbəbilə ölkədən qaçmışdı, 2014-cü ildə hakimiyyət onun vətəndaşlığını ləğv etmişdi.
Fransa vətəndaşlığı almış Yoqubov-un Özbəkistana qayıtmasına Prezident Shavkat Mirziyoev-in 2018-ci ilin oktyabrında Fransaya səfərindən öncə razılıq verildi.
Karimov 2016-cı ildə vəfat edəndən sonra hakimiyyətə keçmiş Mirziyoev ölkədə insan haqlarının durumunu yaxşılaşdırmaq, hökumət strukturunda dəyişiklik vədi verib.
2018-ci ildə Özbəkistan hakimiyyəti jurnalist Muhammad Bekjon-un ölkədən çıxmasına icazə verib. O, bir ildən çox idi həbsdən buraxılmışdı.
64 yaşlı jurnalist təxminən 18 il həbsdə qalıb, ötən il Birləşmiş Ştatlarda yaşayan ailəsinə qovuşub.