Nur-Sultanda etiraza çıxıblar

Etiraz aksiyası

Noyabrın 27-də Qazaxıstanın paytaxtı Nur-Sultanda onlarla fəal yürüşə çıxaraq Avropa Birliyi rəsmilərini insan və vətəndaş haqlarına görə yerli hakimiyyətə təzyiq göstərməyə çağırıb.

Fəallar AB-nin ofisi qarşısında ikinci gündür etiraz aksiyası keçirirlər. Onlar ofis təmsilçilərini çağırıblar ki, gəlib onların tələblərini qəbul eləsin.

Ancaq etirazçıların görüşünə gələn olmayıb.

Aksiyaya yığışanlar “Siyasi məhbuslara azadlıq”, “Sizin Qazaxıstanla sövdələşmələriniz bizim köləliyimiz deməkdir”, “Korrupsiya ilə dolu ölkəylə ticarət etməyin” sözləri yazılmış plakatlar qaldırıblar.

Etirazçılar deyiblər ki, Avropa Komissiyasının mayda qəbul etdiyi yeni Orta Asiya strategiyasında digər məsələlərlə yanaşı insan haqları və vətəndaş cəmiyyətinə dəstək də yer alıb və buna görə də Qazaxıstanla razılaşma əldə olunarkən bunlar nəzərə alınmalıdır.

Həmin sənəddə həmçinin vurğulanırdı ki, Brüsselin Qazaxıstanla 2015-ci ilin sonunda imzaladığı Hərtərəfli Tərəfdaşlıq və Əməkdaşlıq Razılaşması Brüsselin regionda iştirakının "sütunu" olaraq qalacaq.

İnsan haqları müdafiəçilərinin fikrincə, bu strategiyanın əsas şərtlərindən biri Qazaxıstan hakimiyyətinin vətəndaşları hüquq və azadlıqlarla tam təmin etməkdən ötrü konkret addımlar atılması olmalıdır.