İmpiçment araşdırması yeni mərhələyə girir

Donald Trump

ABŞ Prezidenti Donald Trump Konqresdə özüylə bağlı impiçment araşdırmasının növbəti mərhələsinə qatıla bilər.Buna görə prezidentə dekabrın 1-dək vaxt verilib.

Dekabrın 4-də Nümayəndələr Palatasının Ədliyyə Komitəsində açıq dinləmələr başlamalıdır. Dinləmələr əvvəlki impiçment cəhdlərinin tarixini əhatələyəcək, özəlliklə konstitusiya hüququ üzrə ixtisaslaşmış hüquq ekspertləri iştirak edəcək.

“Prezident Trump-a qarşı səslənən, ciddi impiç olunası davranış iddialarını cavablandırmaq üçün mövcud çərçivəni araşdırmalıyıq”, – Ədliyyə komitəsinin sədri, demokrat Jerry Nadler noyabrın 26-da deyib.

Palatanın daha üç komitəsi altı həftə ərzində faktları toplayıb və hazırda Ədliyyə Komitəsinə hesabat hazırlayır. Hesabat Şükranlıq bayramından sonra təqdim olunmalıdır.

Buna da bax: Ukrayna ABŞ-ın yardımı saxlamasından narahat olubmuş

Ədliyyə Komitəsi maddələri hazırlamalıdır

Həm bu hesabat, həm də dekabrın 4-dən başlayacaq açıq dinləmələr əsasında Ədliyyə Komitəsi potensial impiçment maddələrini, yaxud prezidentə qarşı ittihamları hazırlamağa qərar verəcək.

Palata Trump-ın “ağır cinayət” törədib-trörətmədiyini araşdırır. Bu məsələ Konstitusiyada çox da aydın izah olunmayıb.

İddialar Trump-ın iyulun 25-də ukraynalı həmkarı Volodymyr Zelenskiy ilə telefon söhbətilə bağlıdır. Demokratlar iddia edirlər ki, respublikaçı Trump gələn ilki prezident seçkisində potensial rəqibi barədə araşdırma aparmağı xarici hökumətdən istəməklə səlahiyyətini aşıb.

Trump həmin telefon söhbətindən qabaq Ukraynaya 400 milyon dollaradək hərbi yardımı dayandırıb və söhbət zamanı həmkarından “yaxşılıq” istəyib.

Prezident isə Zelenskiy ilə telefon söhbətini “tam normal” hesab edir, impiçment araşdırmasını “kələk”, Konqresdəki dinləmələri “kenquru məhkəməsi” adlandırır.

Trump dinləmələrə qatılmaq istəyirsə, dekabrın 1-i səhər 6-dək Ədliyyə Komitəsini bu haqda, eləcə də onu kimin təmsil edəcəyi haqda bilgiləndirməlidir.