Ş.Hümbətovanın vəkillik fəaliyyəti dayandırılıb

Ş.Hümbətova

Şəhla Hümbətova AzadlıqRadiosuna bildirib ki, Vəkillər Kollegiyasından çıxarılması üçün məhkəməyə müraciət olunacağından internet vasitəsilə xəbər tutub. Vəkillər Kollegiyasından onun özünə bu barədə heç nə deyilməyib.

Ş.Hümbətovanın sözlərinə görə, noyabrın 27-də Vəkillər Kollegiyasının Rəyasət Heyəti onunla bağlı qərar verərkən orada iştirak etməyib: «Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırovla əlaqə saxlamağa, görüşməyə çalışıram. Yəqin ki, mənimlə bağlı qərarın detallarını ondan sonra biləcəm».

Vəkillər Kollegiyası Ş.Hümbətovanın bir vətəndaşın şikayəti əsasında, həmçinin, Kollegiyaya üzvlük haqqını gecikdirdiyinə görə cəzalandırıldığını açıqlayıb. Ş.Hümbətova deyir ki, sözügedən şikayətlə əlaqədar Vəkillər Kollegiyasının İntizam Komissiyasının verdiyi rəyin surətinin ona da təqdim edilməsini istəyib. Lakin rəyi ona verməkdən imtina ediblər.

+++

Şəhla Hümbətovanın vəkillik fəaliyyəti dayandırılıb.

Bu barədə «Turan» agentliyinə Vəkillər Kollegiyasının Aparat rəhbəri Fərhad Nəcəfov məlumat verib.

F.Nəcəfovun sözlərinə görə, qərar noyabrın 28-də qurumun Rəyasət Heyətinin iclasında qəbul edilib: «Vəkil fəaliyyətində buraxdığı nöqsanlara görə Ş.Hümbətovanın fəaliyyətinə xitam verilməsi üçün Kollegiya məhkəməyə müraciət edib. Məhkəmənin qərarına qədər onun fəaliyyəti dayandırıldı».

Aparat rəhbəri əlavə edib ki, buna Ş.Hümbətovaya qarşı şikayət səbəb olub: «Vətəndaş bizə müraciət edərək, Ş.Hümbətovanın onun işi ilə bağlı məhkəməyə saxta sənəd təqdim etdiyini bildirdi. Bu, «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Qanunun pozulmasıdır. Bundan əlavə Ş.Hümbətova 6 aydan çoxdur Vəkillər Kollegiyasına üzvlük haqqını ödəmir».

Məsələ ilə bağlı, hələlik, Ş.Hümbətovadan münasibət öyrənmək mümkün olmayıb.

Bu il Penitensiar Xidmətin rəhbərliyi də bloqer Mehman Hüseynovun vəkili olan Ş.Hümbətovadan Vəkillər Kollegiyasına şikayət etmişdi. Onda da vəkilin qanunvericiliyin tələblərini pozduğu iddia edilirdi.

Həmin vaxt Ş.Hümbətovanın hüquqlarını qoruduğu M.Hüseynov həbsdə aclıq aksiyasına başladığını açıqlamışdı. Penitensiar Xidmət bloqerin qida qəbul etdiyini bəyan etsə də, vəkil müdafiə etdiyi şəxsə istinadən bunu təkzib etmişdi. Daha sonra isə vəkildən fəaliyyəti ilə bağlı şikayət olunmuşdu. Amma onda vəkil haqqında belə qərar verilməmişdi.

Xatırlatma

Son illər Azərbaycanda bir neçə vəkil – Xalid Bağırov, Əlayif Həsənov, Yalçın İmanov və başqaları Kollegiyadan uzaqlaşdırılıb. Vəkillər bunu siyasi işlərə çıxmaları, yerli və beynəlxalq hüquq müdafiəçilərinin «siyasi məhbus» kimi tanıdığı şəxslərin hüquqlarını müdafiə etmələri ilə izah edib. Ancaq Kollegiya bunları inkar edib, onların qanunvericiliyin tələblərini pozduqlarına görə kənarlaşdırıldıqlarını açıqlayıb.