TikTok mobil tətbiqi Çin hökumətinin Sintzyan (Sincan) regionundakı hərəkətlərini tənqid yeniyetmənin hesabını açıb, özündən də üzr istəyib. Bu haqda “Bloomberg” yazır.
Nyu Cersidən olan yeniyetmə Feroza Azizin yaydığı video ilk baxışda makiyaj dərsi kimi görünür, ancaq o, sonradan Çinin uyğurlara münasibətini tənqid etməyə keçir.
“Düşündüm ki, makiyaj dərsi kimi görünsə adamlar baxmaq istəyəcək. Birbaşa uyğur müsəlmanları haqda danışanda video yığışdırılırdı”, – o, CNN-ə müsahibəsində deyib.
TikTok şəbəkəsinin sahibi Pekində mənzillənən ByteDance Inc. şirkətidir. Şirkət hesabın bağlanmasını Aziz-in daha öncə Osama bin Ladenin fotosu olan video paylaşması ilə izah edib, bunun şəbəkənin qaydalarını pozduğunu bildirib. Şirkət bildirir ki, Azizin yerləşdirdiyi video onların standartlarını pozmur, hesab bağlanmamalıydı və video cəmi 50 dəqiqəliyə yığışdırılıb.
Çin hökumətinin Sintzyan regionunda müsəlman azlıqlarla rəftarı dünyanın diqqət mərkəzindədir. Xüsusi düşərgələrdə azı 1 milyon müsəlmanın saxlandığı bildirilir.
Buna da bax: Çində uyğurların saxlandığı düşərgələrin sayı ‘daha çoxdur’Bin Laden videoda 1 saniyədən də az göstərilib
17 yaşlı Aziz “Business Insider” portalına deyib ki, bin Ladenin şəklindən müsəlman amerikalı olaraq eşitdiyi islamafob şərhləri lağa qoymaqdan ötrü istifadə edib. Portal videonu əldə etdiyini, doğrudan da bin Ladenin orda bir saniyədən də az göstərildiyini qeyd edir.
Aziz düşünür ki, məhz Çinin uyğur müsəlmanlara zülmü haqda maarifləndirmə apardığı üçün hesabı bağlanıb.
“Business Insider” yazır ki, ByteDance mütəmadi olaraq tətbiqin Çin versiyasından bu ölkəyə qarşı olan siyasi kontenti çıxarır. İndi fəallar və xəbər orqanları onu eyni şeyi TikTok-da etməkdə suçlayırlar.
Bu günlərdə uyğur fəalların Vaşinqtonda mənzillənən qrupu bildirib ki, Çində uyğurların saxlandığı 500-dək düşərgə və həbsxananın yerini müəyyənləşdirib. Qrup Pekinin, adətən deyildiyi kimi, 1 milyon deyil, daha artıq uyğuru həmin mərkəzlərdə saxladığını iddia edib. Bəzi mənbələr bu rəqəmin “3 milyon” olduğunu deyir.
Pekin əvvəllər düşərgələrin mövcudluğunu inkar edirdi, ancaq sonradan bunu müsəlmanlara təlim keçərək onları ekstremizmdən uzaqlaşdırmaq siyasətilə əsaslandırıb.
Fəallar və şahidlərsə bildirirlər ki, Çin işgəncə vasitəsilə uyğurları regionun Han çoxluğuna assimilyasiya etməyə çalışır, müsəlmanların namaz qılmaq, donuz əti yeməmək, spirtli içki içməmək kimi inanclarından əl çəkməsinə nail olmaq istəyir.