Ukrayna üçün casusluqda şübhəli bilinən qadın saxlanıb

Arxiv fotosu

Rusiyanın Ukraynadan ilhaq etdiyi Krım yarımadasında Ukrayna üçün casusluq etdiyi bildirilən rusiyalı qadın saxlanıb. Bunu Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) deyir.

Rusiya xəbər agentlikləri FSB-yə istinadla yazırlar ki, rusiyalı qadın “Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Direktorluğunun göstərişilə” Rusiyanın hərbi sirlərini əldə etməyə çalışıb.

O, Sevastopol şəhərində saxlanıb.

FSB qadının Ukrayna kəşfiyyat xidməti tərəfindən əməkdaşlığa cəlb olunduğunu desə də, detalları açıqlamayıb.

Sevastopolun Lenin rayon məhkəməsi cinayət işi açıb, Interfax məhkəmə məmuruna istinadla xəbər verir. Məlumatda deyilir ki, qadın dövlətə xəyanətdə təqsirli bilinsə, 20 ilədək həbs cəzasına məhkum edilə bilər.

Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edib.