Seçki ‘saxtakarlığı’na etiraz edirlər

Kabildə nümayiş

Əfqanıstan hökumətinin başçısı Abdullah Abdullah-ın minlərlə tərəfdarı noyabrın 29-da paytaxt Kabildə yürüşə çıxıb. Təşkilatçıların deməsinə görə, məqsəd seçki saxtakarlığını pisləmək, qarşısını almaqdır.

Xeyli sayda etirazçı Prezident Sarayının qarşısına toplaşmazdan öncə paytaxtın müxtəlif yerlərində yürüş ediblər. Şəhər polisi həmin əraziyə yığışmamaqla bağlı xəbərdarlıq etmişdi.

Abdullah-ın seçki kampaniyası Müstəqil Seçki Komissiyasından 300 minədək səsin ləğvini tələb edir, onları “saxta” hesab edir.

Etiraz liderləri tələblər yerinə yetirilməzsə, yenə yürüşə çıxacaqlarını deyiblər.

Sentyabrın 28-də keçirilmiş prezident seçkisindən iki ay keçir, ancaq hələ də ilkin nəticələr elan olunmayıb. Nəticənin elanı azı iki dəfə təxirə salınıb və bu da seçki saxtakarlığı, ölkədə qeyri-müəyyənliyin artması sarıdan narahatlıq yaradıb.

Səsvermədə seçici fəallığı rekord səviyyədə aşağı olub. Seçki kampaniyası indiki Prezident Ashraf Ghani ilə əsas opponenti Abdullah arasında sərt rəqabət şəraitində keçib.