Rusiyalılar siyasi etirazlar barədə nə düşünür

Moskvada 10 avqust etirazı

Rusiyalıların 29 faizi ölkədə siyasi etirazları mümkün sayır. Respondentlərin 19 faizi etirazlarda şəxsən iştiraka hazır olduğunu deyib. “Levada” mərkəzi yeni sorğunun nəticələrini açıqlayıb.

30 faiz respondentin fikrincə, sosial-iqtisadi xarakterli, özəlliklə, həyat səviyyəsinin düşməsinə qarşı tələblərlə etiraz aksiyalarının keçirilməsi mümkündür. Respondentlərin 25 faizi bu cür aksiyalarda iştiraka hazır olduğunu söyləyib.

Sosioloqların bildirməsinə görə, rusiyalıların əksəriyyəti siyasi və iqtisadi etiraz aksiyaları ehtimalının az olduğunu düşünür – uyğun olaraq, 66 və 63 faiz respondent belə deyib. Rusiyalıların 75 faizi siyasi, 69 faizi isə iqtisadi tələblərlə aksiyalarda iştirakını mümkün hesab etmir.

Sorğu noyabrın sonunda keçirilir.

“Levada” martda bildirirdi ki, hər 5 rusiyalıdan biri (20 faiz) siyasi tələblərlə etirazlara iştiraka hazırdır. Vətəndaşların 75 faizi siyasi aksiyaları dəstəkləmədiyini deyirdi.

İyunda siyasi tələblərlə mitinqləri rusiyalıların 24 faizi mümkün sayırdı, 22 faiz respondent onlarda iştiraka hazır olduğunu demişdi. Onda rusiyalıların 69 faizi deyirdi ki, həyat səviyyəsinin düşməsinə qarşı aksiyalarda iştirak etmək fikri yoxdur.