Keçmiş nazir rüşvət aldığını etiraf edir

Iskander Mulikov

Türkmənistanın keçmiş daxili işlər naziri Isgender Mulikov hakimiyyətdən sui-istifadə və korrupsiyada təqsirli bilinib. Prezident Gurbanguly Berdymukhammedov onu oktyabrda işdən çıxarmışdı.

Dekabrın 3-də əliqandallı Mulikov qara həbsxana geyimində televiziyada xəbər proqramında göstərilib, özünü təqsirli bildiyini deyib. ​

“Tamahım ucbatından vəzifəmdən sui-istifadə edərək rüşvət almışam… Vicdansız yol seçərək böyük məbləğdə rüşvət almışam. Mənim cinayətlərim aşkarladı və mühakimə olundum. Nalayiq hərəkət etdiyimi tam boynuma alıram, peşmanam”, – Mulikov videoda deyir.

Keçmiş nazirə hansı cəzanın kəsildiyi bəlli deyil. Amsterdamda mənzillənən Turkmen.news vebsaytının yazmasına görə, ona 20-25 il həbs cəzası kəsilib.

Buna da bax: Türkmənistan polisinə arıqlamaq üçün bir ay vaxt verilib

2009-cu ilin mayından vəzifə başında olan Mulikov oktyabrın 1-də hökumətin iclası zamanı işdən çıxarılıb.

Keçmiş nazirin sürücüsü də dərhal həbs olundu, onun Aşqabadda bəzi restoranları, kafe və mağazaları müsadirə edildi.

Bu nazirlikdə, eləcə də Türkmənistanın ədliyyə hakimiyyətində korrupsiya ittihamları çoxdan yayılmışdı.

Berdymukhammedov 2017-ci ildə baş prokuroru işdən çıxarandan sonra bu sektoru təmizləməyə cəhd göstərib. O, ölkəni 2006-cı ilin dekabrından, avtokrat lider Saparmurat Niyazovun vəfatından bəri sərt qaydalarla idarə edir.

Mulikovun yerinə hökumətin sədr müavini Mammetkhan Chakiyev təyin olunub.