Minsk qrupundan Dağlıq Qarabağ çağırışı

Bratislava görüşü

ATƏT-in Minsk qrupuna daxil olan həmsədr ölkələrin nümayəndə heyətlərinin rəhbərləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Nazirlər Şurasının 26-cı iclası çərçivəsində dekabrın 4-də Bratislavada keçirilən görüşü ilə bağlı birgə bəyanat yayıblar. Bəyanat müəllifləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov, Fransanın Avropa və Xarici İşlər nazirinin katibi Jan-Batist Lemuan və ABŞ Dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerdir.

Sənəddə qeyd edilir ki, hazırkı status-kvo qəbuledilməzdir və münaqişənin hərbi həlli yoxdur.

Həmsədr ölkələrin nümayəndə heyətlərinin rəhbərləri tərəfləri süni gecikmələr və şərtlər yaratmadan substantiv danışıqlar aparmağa çağırıblar: «Həmsədr ölkələrin nümayəndə heyətlərinin rəhbərləri təmas xəttində və beynəlxalq sərhəd boyunca gərginliyin nisbətən aşağı səviyyədə olduğunu müsbət hal kimi qeyd edir. Xarici işlər nazirlərinin iyunda Vaşinqtonda baş tutan görüşündə razılaşdıqları kimi, eskalasiya riskini azaltmaq üçün tərəflər arasındakı birbaşa əlaqələrdən tam istifadə etməyə çağırır. Həmsədr ölkələrin 2018-ci ilin dekabrında Milanda verdiyi bəyanatda və nazirlərin 2019-cu ilin yanvarında Paris görüşündə razılaşdığı kimi, ötən il gərginliyi azaltmaq və xalqları sülhə hazırlamaq üçün atılan konkret addımları alqışlayırıq.

Buna da bax: 'Rusiya ehtiyat edir ki, Ermənistanı çox sıxsa…'


Mart ayında Vyanada görüş zamanı liderlər tərəfindən müzakirə edilən və xarici işlər nazirlərinin aprel ayında Moskvada keçirilən görüşündə hazırlanan humanitar tədbirlərin həyata keçirilməsi üçün səylər, xüsusən də bu yaxınlarda baş tutan jurnalistlərin qarşılıqlı səfərləri, iyunun 28-də əsirlərin eyni vaxtda sərbəst buraxılmasını təqdirəlayiq hesab edirik. Bu cür səylərin münaqişənin sülh yolu ilə həllinə dair əsaslı danışıqların aparılmasına şərait yaradan mühitin yaradılmasında mühüm rol oynadığını qeyd edərək, münaqişə tərəflərini əlavə konkret humanitar və təhlükəsizlik tədbirləri görməyə çağırırıq».

«Tərəfləri vicdanla əsaslı danışıqlar aparmağa çağırırıq»

Həmsədr ölkələrin nümayəndə heyətlərinin rəhbərləri tərəflərin humanitar və təhlükəsizlik tədbirləri ilə bağlı daha əvvəl əldə etdiyi razılaşmaları həyata keçirmək üçün təxirəsalınmaz konkret addımlar atmağın zəruriliyini vurğulayırlar: «Ağrı və itkilərlə üzləşmiş insanların dəhşətli əziyyətlərini nəzərə alaraq, 2014-cü ilin oktyabr ayında Paris görüşündə iki liderin götürdüyü öhdəliklərdə əks olunduğu kimi, tərəfləri Beynəlxalq Qırmızı Xaç Komitəsinə itkin düşmüş şəxslər haqqında məlumatların mübadiləsində kömək göstərmək səylərini artırmağa çağırırıq... Tərəflərin 2016-cı ildə razılaşdırdığı ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin monitorinq missiyasının genişləndirilməsi ilə bağlı müzakirələrin davam etdirilməsinin vacibliyini qeyd edirik».

Buna da bax: 'Yerevanda söylədiyini İlham Əliyevin qabağında təkrarlaya bilmədi'

Həmsədr ölkələr Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 2020-ci ilin əvvəlində həmsədrlərin himayəsi altında sülh yolu ilə nizamlanmanın əsas mövzularında danışıqları sürətləndirmək və daha yüksək səviyyədə gələcək danışıqları asanlaşdırmaq üçün yenidən görüşmək niyyətini alqışlayır.

Həmsədr ölkələrin nümayəndə heyətinin rəhbərləri ədalətli və davamlı nizamlanmanın Helsinki Yekun Aktının prinsiplərinə, güc tətbiq edilməməsi, ərazi bütövlüyü və bərabər hüquqlar prinsiplərinə əsaslanmalı olduğunu bir daha təsdiqləyir.

Həmsədr ölkələr bir daha vurğulayır ki, status-kvo qəbuledilməzdir və münaqişənin hərbi həlli ola bilməz: «Buna görə tərəfləri süni gecikmələr və şərtlər olmadan vicdanla əsaslı danışıqlar aparmağa çağırırıq».

Xatırlatma

Dekabrın 4-də Slovakiyanin paytaxtı Bratislava şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyanın görüşü olub.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda qeyd edib ki, tərəflər münaqişənin həlli ilə bağlı mövcud vəziyyəti və onun gələcəkdə sülh yolu ilə həlli istiqamətlərini müzakirə ediblər.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə tərəflər arasında atəşkəs razılaşması əldə edilənə qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ora bitişik 7 rayon işğal edilib. Münaqişənin tənzimlənməsi ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya qrupda həmsədr dövlətlərdir.