İranı necə cəzalandırmalı – Qərb mediası

İranın Fordo nüvə stansiyası

İqtisadi sanksiyalarla İranı təslim olmağa məcbur etməkdənsə, beynəlxalq ictimaiyyət onu daha artıq açıq olmağa sövq etməlidir. Belə bir yanaşma həm 2020-ci il prezident seçkisindən öncə, həm də sonra Qərblə danışıqlarda uğur perspektivini artırar. “Project Syndicate” portalında Djavad Salehi-Isfahani Birləşmiş Ştatların 2018-ci ildə İrana sanksiyaları bərpa edəndən sonra bu addımın ölkə iqtisadiyyatına təsirindən yazır.

Müəllifin fikrincə, iqtisadi çöküş gözlənilməsə də, zaman İranın xeyrinə işləmir. Səbəb ABŞ-da prezident seçkisidir, İran liderləri Trump administrasiyası ilə necə işləməyə, ümumiyyətlə, işləyib-işləməməyə qərar verməlidir.

ABŞ Prezidenti Donald Trump nüvə sazişinin İranın raket proqramını, Yaxın Şərqdə “ziyanlı fəaliyyəti”ni əhatələmədiyini düşünür və Tehranı sazişlə bağlı yenidən danışıqlara məcbur etmək istəyir. İranın dini rəhbərliyi isə danışıqları istisna edir.

Buna da bax: Rusiya İranın Fordo nüvə stansiyasındakı işini dayandırır

İşsizlik rekord həddə azalıb

Müəllifin fikrincə, kimsə düşünə bilər ki, danışıqlar masasına qayıtmaqdan ötrü 2020-ci il seçkisindən sonranı gözləməyə dəyər. “Ancaq seçkini Trump qazanarsa, mövqeyi daha da möhkəmlənəcək, indi olduğundan daha az güzəştə meyllənəcək... Üstəlik, İranda iqtisadi şərtlər də indikindən daha ağır ola bilər”, – məqalədə deyilir.

Bu yaxınlarda açıqlanmış hesabat İranda işlə təminatın yaxşılaşdığını ortaya çıxarıb. Bu ilin üçüncü rübündə rekord sayda – 24,75 milyon iranlı işləyib ki, bu da bir il öncəylə müqayisədə 3,3% artım deməkdir. İqtisadiyyatdan 800 minədək əlavə iş yeri yaranıb. İşsizliyin səviyyəsi son yeddi ildə ən aşağı həddə – 10,5% olub.

“Bu proses onu göstərir ki, neft ixracına məhdudiyyət İranı iqtisadiyyatını şaxələndirməyə məcbur edir. Bu, bir növ Holland sindromunun əksidir. Ölkənin sərt xətt tərəfdarları iddia edirlər ki, ABŞ-ın sanksiyaları “müqavimət iqtisadiyyatı”nı stimullaşdırır və bu da ticarətdən, özəlliklə Qərblə ticarətdən az asılıdır”, – yazan müəllif bu dirçəlişin müvəqqəti olduğunu vurğulayır. Belə ki, hökumət neft gəlirlərinin azalması səbəbindən büdcə kəsirini doldurmaq üçün pul çap etməli olur və bu da əvvəl-azır riala təzyiqi gücləndirəcək.

İran bu ildən nüvə sazişi öhdəliklərinin icrasını məhdudlaşdırmağa, uran zənginləşdirmə fəaliyyətini artırmağa başlayıb. Müəllif Qərb liderlərinin buna reaksiyayla bağlı qərar verməli olduğunu yazır. Çünki sərt sanksiyalar İrana kəskin stress yaratsa da, səmərəsi hüdudsuz deyil. Axı, cəza tədbirləri sərt xətt tərəfdarlarının mövqeyini möhkəmləndirir, mötədil islahatçıları isə zərbə altında qoyur.