Dünyanın ən gənc baş naziri bu gün and içir

Sanna Marin

Dekabrın 10-da 34 yaşlı Sanna Marin Finlandiya parlamentində and içəcək və dünyanın ən gənc baş naziri olacaq.

Onun artıq kifayət qədər siyasi təcrübəsi var, baş nazirliyə də nəqliyyat naziri vəzifəsindən gedir.

“Frans Pres” yazır ki, Marin doğma şəhəri Tamperedə şəhər şurasının lideri kimi sərt və birbaşa danışan siyasətçi kimi ad çıxarıb. O, həmin vəzifəyə 2012-ci ildə 27 yaşında seçilib.

Baş nazir postunda isə Antti Rinne-ni əvəzləyəcək. Rinnie ötən həftə koalisiya üzvünün etimadını itirincə istefa verib.

Marin özünün Sosial Demokrat partiyası ilə daha dörd partiya arasında sol-mərkəzçi koalisiyanın başına keçir. Koalisiya üzvlərinin liderləri də qadınlardır.

Ukraynanın Baş naziri Oleksiy Honcharuk-un 35, Yeni Zelandiyanın Baş naziri Jacinda Ardern-in isə 39 yaşı var.