“The Washington Post” qəzeti dekabrın 9-da ABŞ hökumətinin gizli sənədlərinə əsaslanan hesabat dərc edib. Hesabatda deyilir ki, Ağ evdə üç administrasiya ictimaiyyətə 18 illik Əfqanıstan müharibəsinin qüsurları və uğursuzluqları haqda yanlış məlumat verib.
2 min 300 ABŞ əsgərinin öldürüldüyü, 1 trilyon dollara yaxın başa gəlmiş müharibəni udmaq mümkün olmayıb, bunu sənədlər ortaya qoyub.
Sənədlərdə müharibədə birbaşa rol oynamış adamlarla müsahibələrə dair 2 mindən artıq səhifəlik qeydlər var. Qəzet yazır ki, bu qeydlər müharibəylə bağlı gizli giley-güzarı, məyusluğu, etirafı üzə çıxarır.
Buna da bax: Əfqan uşaqların üçdə ikisinə münaqişə təsirini göstərib“Nə etdiyimizi bilmirdik”
Təxminən 400 “içəri mənbə” Vaşinqtonun Əfqanıstanda daim dəyişən strategiyasını, effektiv əfqan döyüş qüvvəsinin formalaşdırılmasındakı qüsurları, Talibanın məğlub edilməməsini, hökumətdə korrupsiyayla mübarizəni tənqid edir.
“Biz Əfqanıstanı fundamental şəkildə anlamaqdan məhrum idik – nə etdiyimizi bilmirdik”, – üç ulduzlu ordu generalı Douglas Lute 2015-ci ildə hökumətə müsahibəsində deyib. O, Bush və Obama administrasiyaları dövründə Ağ evin Əfqanıstan müharibəsi üzrə lideri olub.
Bu müsahibələr son illər Əfqanıstanın Bərpası üzrə Xüsusi Baş Müfəttişin (SIGAR) layihəsi çərçivəsində alınıb.
“ABŞ rəsmisi etiraf edirdi ki, müharibə strategiyaları qüsurludur və Vaşinqton Əfqanıstanı müasir ölkəyə çevirməkdən ötrü nəhəng pulları boşuna xərcləyir”, – qəzet yazır.
İndiyədək ABŞ hökumətinin müharibə xərclərinə dair hərtərəfli hesabat ortaya qoyulmayıb.
2001-ci ildən bəri Müdafiə Departamenti, Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi Əfqanıstanda 938 milyard – 978 milyard dollar xərcləyib. Bunu Braun Universitetində Müharibə Xərcləri Layihəsinin həm-direktoru, siyasi elmlər professoru Neta Crawford deyib.
Ancaq bu hesablamaya Mərkəzi Kəşfiyyat İdarəsi, Veteranların İşləri Departamenti kimi qurumların xərclədiyi pullar daxil deyil.
Müsahiblərin bəzilərinin sözlərinə görə, Kabildə və Ağ evdəki hərbi qərargahlarda statistikalar təhrif olunaraq Birləşmiş Ştatların müharibəni udması təəssüratını yaradıb.