Hazırda İsveçrədə yaşayan siyasi şərhçi Rauf Mirqədirov başa çatmaqda olan 2019-cu ildə baş verən siyasi hadisələrlə bağlı fikirlərini AzadlıqRadiosu ilə bölüşür:
- İlk olaraq diqqətimi çəkən ilin əvvəlində hakimiyyətin davranış tərzini dəyişməsi oldu. Minimal əməkhaqqı birdən-birə 90 faiz artırıldı. Son illərdə birinci dəfəydi ki, minimal əməkhaqqı bu qədər artırılırdı. Bunun özü maraqlı idi. Sual yaranırdı ki, bu imkan vardısa, niyə minimal əməkhaqqı daha əvvəl artırılmamışdı?
- Sizcə, niyə artırılmışdı?
- Səbəb yəqin ilin əvvəlində müşahidə olunan etirazlar idi. Hakimiyyət buna görə davranışını dəyişdi, İlham Əliyevin insanlara qayğı ilə yanaşdığının görüntüsü yaradıldı. Rayonlara səfərlər edildi, insanlarla birbaşa ünsiyyətə girdilər, hətta yadınızdadırsa, bir dəfə İlham Əliyev özü yaşlı bir kişiyə su verdi. Bu, hakimiyyətin ciddi beyin mərkəzləri ilə əməkdaşlığının nəticəsidir. Bundan başqa, bu il çox ciddi kadr dəyişiklikləri baş verdi. Düzdür, bunu kadr islahatı kimi qələmə vermək istəyənlər oldu, amma bu, sadəcə, kadr dəyişikliyidir.
Buna da bax: Kadr siyasətində quda, kürəkən, qardaş faktoru
- Sizcə, bu kadr dəyişiklikləri nə ilə bağlıdır?
- Mən buna bir lətifə ilə cavab verə bilərəm. Seçkidə prezident uduzur və yenisi hakimiyyətə gəlir. Bu zaman keçmiş dövlət başçısı yeniyə nömrələnmiş üç zərf göndərir və ölkədə böhran yaşananda bu zərflərdən birini açmasını tapşırır. Bir müddət sonra ölkədə həqiqətən də böhran başlayır və prezident birinci zərfi açır. Orda yazılır ki, hər şeydə məni – köhnə prezidenti və onun komandasını ittiham edin. Azərbaycan hakimiyyəti 1993-cü ildən bəri birinci zərfi açmışdı. İndiyədək Elçibəy hakimiyyəti tənqid olunurdu, onlar torpaqları satmaqda, təcrübəsizlikdə, ölkə iqtisadiyyatını dağıtmaqda və sairədə ittiham olunurdular. İndi isə hakimiyyət ikinci zərfi açdı.
- Orda nə yazılır?
- «Prezident yaxşıdır, ətrafı pisdir». Prezident dünənə qədər orden-medal payladığı adamları artıq islahatlara mane olmaqda, tenderləri şəffaf keçirməməkdə və sairədə suçlayır. Artıq bəzi kadrlar istefaya göndəriliblər. Üçüncü zərf nə vaxt açılacaq bilmirəm, amma orda «Get, yeni üç zərf hazırla» yazılır, yəni artıq hakimiyyətdən getmək zamanıdır. Mən kadr dəyişikliklərinə qayıtmaq istəyirəm, bu, vacib addımdır. Hətta deyərdim, elita daxilində inqilabi çevrilişdir. Heydər Əliyevin yaratdığı hakimiyyət piramidası dağıdıldı. Bu piramida yaxşı idi, ya pis, o, başqa məsələ, amma hakimiyyət üçün səmərəli idi. Piramidanın başında prezident gəlirdi, daha sonra Ramiz Mehdiyev və oliqarx nazirlər. Onlar cəmiyyətin hakimiyyətə loyallığını təmin edirdilər. Pullar təkcə üzü yuxarı getmirdi, həm də üzü aşağı səpələnirdi, söhbət paket maaşlardan gedir. Bu da on minlərlə adamın hakimiyyətə sədaqətini təmin edirdi. İndi sistem dağıdılıb, oliqarxlar menecerlərlə əvəzlənməkdədir. Bu, problem yarada bilər.
Buna da bax: 'Mikayıl Cabbarovun növbəti yüksəlişi baş nazir təyinatı olacaq'
Ramiz Mehdiyevin epoxası bitdi, o, hakimiyyətin ideoloji siması idi, həm də Əli Həsənovla birgə effektiv işləyirdilər. Bu epoxa bitir, yenisi necə olacaq, demək çətindir. Məncə, ya islahatlara gedilməlidir, ya da bölgədə baş vermiş rəngli inqilablar burda təkrarlana bilər. Doğrusu, mən inqilab yox, təkamül tərəfdarıyam.
- Milli Məclis buraxıldı və yeni parlament seçkiləri keçiriləcək. Yeni parlamentdən gözləntiniz nədir? Orda müxalifətin simaları da görünəcəkmi?
- Parlamentin siması daha elitar olacaq. O, daha gənc, bir neçə dil bilən şəxslərlə əvəzlənəcək. Müxalifətin baş verənlərə reaksiyası adekvat deyil. Əvvəla, resursları yoxdur. İkincisi, seçkiyə gedib-getməməklə bağlı fikrini belə daha dəqiq ifadə edə bilmir. Bir qisim boykot haqda danışır, halbuki söhbət boykotdan yox, seçkidə iştirak etməməkdən gedir. Seçkidə iştirak edənlərinsə taktikası yoxdur. Yeri gəlmişkən, müxalif düşərgədə mənim xoşuma gəlməyən proses baş verməkdədir. Keçmiş səhiyyə naziri Əli İnsanov vaxtilə Heydər Əliyevin getdiyi yolu getməyə çalışır. 1990-cı illərdə Heydər Əliyevi sevənlər də vardı, sevməyənlər də. Amma əksəriyyət onun güclü siyasətçi olduğunu qəbul edirdi, belə bir imic formalaşdırılmışdı. İndi də oxşar situasiya ilə qarşılaşırıq. Əli İnsanov həbsə düşdü, amma sınmadı, hakimiyyətə «sizinlə düşmənəm» dedi. Həbsdən çıxdı və sərt bəyanatlar verməyə başladı. Bizim xalq güclü liderləri sevir. Mən Əli İnsanovun bundan sonra demokrat olacağına inanmıram, o, şəxsi qisasını almaq niyyətindədir. Amma Əli İnsanovun güclənməsi, belə deyim, islam müxalifətini də zəiflədir. Keçmiş nazir hakimiyyətdən narazıları ətrafında toplamağa başlayır. Onun elektoratı, əsasən, ermənistanlılar və naxçıvanlılardır. Ermənistanlılar dinə meylli deyillər, passionardırlar. Bu, pozitiv cəhətdir, ancaq müxalifətin zəifliyini göstərir. ReAL Partiyasına ciddi ümid edənlər vardı, bu gün o da ənənəvi müxalifətə çevrilməkdədir. O, növbəti parlamentdə 4-5 yer alıb, konstruktiv müxalifət rolunu oynayacaq. Yeni parlamentdə artıq Qüdrət Həsənquliyev, Fazil Mustafa, Fərəc Quliyev olmayacaq, bəlkə Rasim Musabəyov da olmayacaq, ancaq Asim Mollazadə qala bilər.
Buna da bax: 'Yeni parlament Mehriban Əliyevanın inzibati resursuna dəstək verəcək'
- Sizcə, niyə hakimiyyət tələm-tələsik parlament seçkilərinə gedir?
- Bu, birinci dəfə deyil. 2018-ci ildə də növbədənkənar prezident seçkiləri keçirildi, seçki yarım il qabağa çəkildi. O zaman bu, xarici amillərlə bağlı idi, indi isə ölkə daxilində baş verənlərlə. Ölkədə narazılıq olduğunu hakimiyyət də görür. Qabaqlayıcı addımlar atır. Müxalifətin toparlanaraq seçkiyə getməsini qabaqlayır. İkincisi də, bu, kadr dəyişiklikləri ilə bağlıdır. Hakimiyyətdən uzaqlaşdırılanlar narazıdırlar. Onların ünvanına ara-sıra tənqidlər, təhdidlər eşidilməkdədir. Köhnə qvardiyadan kimlərsə müxalifətdəki ovqatı qızışdıra bilər. Buna da vaxt lazımdır. Seçki elan olunub artıq, vaxt yoxdur. Məncə, hakimiyyət ağıllı addım atıb. Mən bu seçkilərdən bir qədər sonra hakimiyyətin referendum keçirərək Konstitusiyaya dəyişiklik edəcəyini və növbədənkənar prezident seçkisi keçirəcəyini gözləyirəm. İndiki komanda 2025-ci ilə kimi köhnələ bilər. Və bir məqam, indi Mikayıl Cabbarovun başçılığı altında supernazirlik yaradılmaqdadır. Vaxtilə belə bir nazirlik Fərhad Əliyevin başçılığı altında yaradılmışdı. İroniyaya baxın ki, Mikayıl Cabbarov Fərhad Əliyevin yetirməsidir. Mən onun eyni aqibəti yaşamasını istəməzdim. Məsələ ondadır ki, sistem dəyişməlidir. Yaxşı sistemdə ən pis menecer də onu dağıda bilmir, məsələn, Donald Tramp ABŞ-da demokratik sistemi dağıda bilmədiyi kimi. Bizdə isə yaxşı menecerlər pis sistemdə ancaq lokal sahələrdə uğurlar qazana bilərlər, ASAN Xidmət kimi. Ona görə bütövlükdə sistem, idarəetmə dəyişməlidir.