ABŞ Talibanla sülh danışıqlarını ‘qısa müddətə’ təxirə salır

Baqram bazasına hücum zamanı ziyan görmüş məscid

Birləşmiş Ştatların Taliban silahlı qruplaşması ilə sülh danışıqlarında “qısa fasilə” verilir. Bunu Əfqanıstanda ABŞ-ın əsas bazası üzərinə hücumdan sonra Vaşinqtonun xüsusi elçisi Zalmay Khalilzad deyib.

Dekabrın 11-də Baqram hərbi bazasına hücum zamanı Taliba yaraqlıları azı iki əfqan dinc sakini öldürüb, 70-dən çox adama yaralayıb. Yaralılar arasında 5 gürcüstanlı əsgər də var.

Talibanla danışıqlar ötən həftə bərpa olunmuşdu. Təxminən 3 ay öncə Prezident Donald Trump danışıqları qəfil dayandırmışdı.

“Bu gün taliblərlə görüşəndə Baqram bazasına dünənki hücuma görə qəzəbimi ifadə etdim. #Taliban əfqanların sülh arzusuna cavab verməyə hazır olduğunu nümayiş etdirməlidir”, – Əfqanıstan doğumli ABŞ diplomatı tvitində yazıb.

Danışıqların bərpasından öncə Trump Şükranlıq bayramında Əfqanıstanda ABŞ əsgərlərinə baş çəkib, “Talibanın saziş istədiyinə” ümidvar olduğunu bildirib.