İranda ötən ay azı 304 nəfərin öldürüldüyü kütləvi etirazlardan sonra hakimiyyət “qəddar repressiya kampaniyası”nı davam etdirir. Bu bəyanatla dekabrın 16-da Amnesty International insan haqları təşkilatı çıxış edib.
Londonda mənzillənən təşkilat bildirir ki, hakimiyyət minlərlə etirazçını, jurnalisti, insan haqları müdafiəçisini, tələbəni həbs etməklə “onların İrandakı amansız repressiya barədə danışmasını önləyir”.
“İrimiqyaslı divantutma”
“Şahidlərin dəhşətli ifadələrinə əsasən demək olar ki, İran hakimiyyəti etirazlara qatılmış yüzlərlə adamı kütləvi qətl edəndən sonra dərhal irimiqyaslı divantutmaya keçib”, – təşkilatın Yaxın Şərq və Şimali Afrika üzrə tədqiqat direktoru Philip Luther deyib.
Noyabrın 15-də hökumət yanacağı bahalandırandan sonra İranı kütləvi etirazlar bürüdü. Rəsmilər itki sayını açıqlamasa da, müstəqil mənbələr yüzlərlə etirazçının öldürüldüyünü bildirir.
Buna da bax: İran prezidenti ‘yaralara duz səpməkdə’ ittiham olunur (VIDEO)“Amnesty International” “müstəqil mənbələr”ə istinadla yazır ki, iğtişaşlardan bir ay keçməsinə baxmayaraq, “təhlükəsizlik qüvvələri ölkə boyunca reydlər keçirir, adamları evlərində, iş yerlərində həbs edir”.
“Böyüklərlə yanaşı 15 yaşlı uşaqlar da saxlanıb. Onların saxlandığı yerlərdən biri Tehranda işgəncə və pis rəftarla ad çıxarmış Faşafuye həbsxanasıdır. Məhbuslar həmçinin hərbi baraklarda, məktəblərdə saxlanır”, – bəyanatda deyilir.
Onlarla adamın yaxınları ilə təmasının qadağan olunduğu, bəzilərinin “məcburi yoxaçıxmaya bərabər şəraitdə” saxlandığı, bəzi təcridxanalarda “həddən artıq məhbusun olduğu” vurğulanır.
Azı 304 nəfər öldürülüb
“Amnesty International” “etibarlı məlumatlar”a istinadla 15-18 noyabr tarixlərində azı 304 nəfərin öldürüldüyünü, minlərlə adamın xəsarət aldığını qeyd edir.
Buna da bax: Rohani ‘günahsızlar’ı buraxmağa çağırırQurum şahid ifadələrinin dəstəklədiyi görüntüyə əsasən bildirir ki, “İranın təhlükəsizlik qüvvələri birbaşa risk yaratmayan silahsız etirazçılara atəş açıblar”.
Amnesty bundan öncə etirazlarda 208 nəfərin öldürüldüyünü bildirmişdi.
İran rəsmiləri isə bu rəqəmləri “yalan” adlandırıb.
BMT öldürülənlər arasında azı 12 uşağın olmasına dair informasiyaya malik olduğunu deyir.
“Amnesty International” bildirir ki, Fars ostanının Şiraz şəhərində 15 yaşlı, Tehran ostanının Şəhriyar şəhərində isə 17 yaşlı yeniyetmə qətlə yetirilib.
Luther İran hakimiyyətini “bu qəddar repressiyanı davam etdirməkdənsə”, “qanunsuz saxlananların hamısını dərhal və qeyd-şərtsiz azadlığa buraxmağa” çağırıb.
O, beynəlxalq ictimaiyyəti dərhal təzyiq göstərməyə səsləyib, əks halda “minlərlə adamın işgəncə və pis rəftar riski ilə üzləşdiyini” vurğulayıb.
BMT-nin İnsan Haqları Şurası İrana dair xüsusi iclas keçirməli, “etirazçıların qanunsuz qətli, dəhşətli həbs dalğası, məcburi yoxaçıxmalar və saxlananlara işgəncə verilməsi üzrə təhqiqat başlatmalıdır”, Luther deyib.