İş yerlərində gender bərabərliyinə çatmağa… 257 il var

İllüstrativ foto

Qlobal Gender Fərqi İndeksində birinci yeri İslandiya tutub. İlk onluqda daha sonra Norveç, Finlandiya, İsveç, Nikaraqua, Yeni Zelandiya, İrlandiya, İspaniya, Ruanda və Almaniya yer alıb.

Azərbaycan 153 ölkə içində 94-cü yerdədir. Qonşulardan Gürcüstan 74, Ermənistan 98, Rusiya 81, İran 148-ci yerləri tutub.

***

Qadınlarla kişilər arasında iqtisadi imkanlar fərqini azaltmaq üçün indiki sürətlə 2 əsr yarımdan da çox müddət lazımdır. Bunu Dünya İqtisadi Forumu (DİF) dekabrın 17-də açıqladığı hesabatda bildirir.

“Qlobal Gender Fərqi Hesabatı 2020” adlı sənəddə deyilir ki, iş yerlərində gender bərabərsizliyi geri gedir, baxmayaraq ki, bərabər münasibətə tələbat artmaqdadır.

“Proqres çox yavaş gedir. Bu sürətlə fərqi qapatmağa 257 il lazım gələcək”, – hesabatda vurğulanır.

Buna da bax: Gender bərabərliyi yaxın illərdə çətin əldə oluna

99,5 il lazımdır ki...

Ancaq eyni zamanda qadınların siyasət, səhiyyə, təhsil sahələrində fərqi qapatmaqda olduğu da qeyd edilir.

İsveçrədə mənzillənən qurum 153 ölkədə gender bərabərsizliyini öyrənir.

Hesabata görə, bütün kateqoriyalar üzrə gender uçurumu ortalama azalır.

DİF-in indiki proqnozuna görə, qadınların bərabərliyə çatmasından ötrü ortalama 99,5 il gərəkdir. Bu, ötənilki hesabatda göstəriləndən 8,5 il azdır.

Qurum qadınların bacarıqlı işçilər və yüksəkçinli məmurlar arasında daha çox yer aldığını, ancaq bunların “əmək bazarında iştirak və pul mükafatları üzrə yerində sayan, yaxud geriləyən fərqin” kölgəsində qaldığını vurğulayır.

Ortalama, bütün dünyada eyni vəzifədə eyni işi görən qadınların kişilərdən 40 faiz az qazanc əldə etdiyi bildirilir.