Metroda generatorlar quraşdırılıb

Metro

«... Məruzə edim ki, metro stansiyalarında generatorlar quraşdırılması 100 faiz başa çatıb».

Bunu «Azərenerji» ASC-nin prezidenti Baba Rzayev dekabrın 16-da dövlət başçisi İlham Əliyevin qəbulunda bildirib.

Məlumatı AZƏRTAC yayıb.

B.Rzayevin sözlərinə görə, artıq mərkəzi idarəetmə pultu Bakı Metropoliteninin baş ofisindədir və orada təhvil-təslim işləri sona çatıb.

2018-ci il iyulun 2-dən 3-nə keçən gecə Mingəçevirdəki «Azərbaycan» İstilik Elektrik Stansiyasının (İES) transformatorunda baş verən qəza nəticəsində ölkənin əksər yerlərində elektrikin verilməsi dayanmışdı. İyulun 3-u səhər saatlarından elektrik verilişi tədricən bərpa edilmişdi.

Ancaq iyulun 3-ü saat təqribən 18:45 radələrində paytaxt və ölkənin bir çox hissələrində yenidən elektrik kəsilmişdi. Bakı metrosunda tuneldə qalan insanlar təxliyə edilmişdi. Yalnız gecə saatlarında Bakıda və bölgələrdə elektrikin böyük ölçüdə bərpa edildiyi açıqlanmışdı. Onda məlum olmuşdu ki, metro stansiyalarında ehtiyat generatorları yoxdu.