Bomba partlayışında 10 dinc əfqan öldürülüb

Arxiv fotosu

Əfqanıstanın şərqindəki Xost vilayətində yol kənarına qoyulmuş bomba partladılıb, bir maşında gedən azı 10 dinc sakin həlak olub.

Daxili İşlər Nazirliyinin sözçüsü Nasrat Rahimi deyib ki, partlayış dekabrın 17-də səhər Ali Şer rayonunda törədilib.

Ölənlərin üçü uşaq, ikisi qadın, beşi kişidir, Rahimi deyib.

Vilayət valisinin sözçüsü Talib Mangal-ın sözlərinə görə, ölənlərin hamısı bir ailənin üzvləri olub, Loqar vilayətinə dəfn mərasiminə gedirlərmiş.

Rahimi partlayışa görə Taliban yaraqlılarını günahlandırıb.

Silahlı qruplaşma isə hələlik, açıqlama yaymayıb.

BMT-nin Əfqanıstandakı Yardım Missiyası (UNAMA) dinc əfqanlara qarşı “zorakılığın görünməmiş həddə çatmasından dərin narahatlığ”ını bildirib.

UNAMA bu ilin ilk 9 ayı ərzində bu ölkədə 2 min 563 nəfərin öldürüldüyünü, 5 min 676 nəfərin yaralandığını qeyd edir.