Üçtərəfli qaz danışıqları başlanır

Şimal Axını 2 kəmərinin Almaniyada tikintisi

Dekabrın 19-da Berlində Rusiya-AB-Ukrayna təbii qaz tranziti danışıqlarının növbəti raundu başlanır. Məqsəd yeni kontrakt əldə etməkdir. Moskvayla Kiyevin mövcud 10 illik sazişi yanvarın 1-də bitir.

Danışıqlara Avropa Komissiyasının Vitse-prezidenti Maros Sefcovic-in vasitəçilik edəcəyi gözlənir.

Ukraynanın Naftogaz dövlət neft-qaz şirkətinin rəhbəri Andriy Kobolyev deyib ki, tərəflər “yəqin” yeni razılaşma imzalaya bilməyəcəklər.

Onun sözlərinə görə, bu halda danışıqlar 2020-ci ilin aprelində yenidən başlana bilər. O əlavə edib ki, Ukraynanın yeraltı anbarlarda 20 milyard kubmetr qazı var və bu, qışı normal keçirməyə bəs edəcək.

Kiyev indiki sazişin uzun müddətə yenilənməsini istəyir. Həmin saziş Naftogaz-a qaz tranzitindən ildə 3 milyard dollar qazandırır. Naftogaz 10 illik saziş tələb etsə də, 7 illik razılaşmanı da qəbul edə biləcəyini deyib.

Rusiyanın Gazprom dövlət şirkəti isə yalnız birillik saziş təklif edərək 3-illik sazişi qəbul edə biləcəyini dilə gətirib.

Digər tərəfdən, Rusiya 1222 km-lik Şimal axını-2 kəmərinin 90 faizini tamamlayıb. Baltik dənizinin dibiylə Almaniyaya çəkilən kəmərin illik gücü 55 milyard kubmetrdir və texniki baxımdan Rusiyanın Ukrayna ərazisindən qaz nəqlini dayandırmasını mümkün edir.