Ukrayna Baş Prokurorluğu müxalifətçi bloqer Elvin İsayevin Azərbaycana təhvil verilməsi haqda qərar çıxarmadığını bildirib. Bu haqda idarədən AzadAvropa/AzadlıqRadiosunun Ukrayna xidmətinə məlumat verilib. Bu haqda “Currenttime.tv” yazır.
Azərbaycan hakimiyyəti dekabrın 15-də bildirib ki, bloqer Ukraynanın miqrasiya qanunvericiliyini pozduğuna görə Azərbaycana deportasiya olunub. O, Bakıda saxlanılıb və hazırda istintaq təcridxanasındadır. Onun barəsində hansı maddəylə cinayət işi açıldığı haqda informasiya verilmir.
Həyat yoldaşı Rusiya hakimiyyətinə video-müraciət edib
“Baş Prokurorluq Elvin İsayevin Azərbaycana təhvil verilməsi haqda qərar çıxarmayıb və onun ekstradisiya proseduruna uyğun olaraq təhvil verilməsi həyata keçirilməyib”, – Baş Prokurorluqdan Radionun sorğusuna cavab olaraq bildirilir.
Buna da bax: Elvin İsayevə ittiham elan olunubDekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri ilə əlaqədar iş günü olmadığından bu açıqlamaya rəsmi münasibət almaq mümkün olmayıb.
İsayev 1998-ci ildən Rusiyada yaşayıb, 2001-ci ildə vətəndaşlıq alıb. Etnik azərbaycanlı olan atası da həmin vaxt Rusiya vətəndaşı olub. O zaman İsayevin Azərbaycan vətəndaşlığından imtina etməyə çalışdığı, ancaq buna nail olmadığı vurğulanır.
İsayev 2019-cu ilin avqustunda saxlanıb, Sankt Peterburq məhkəməsi onun Rusiyadan çıxarılmasına qərar verib, vətəndaşlığını ləğv edib, pasportunu etibarsız sayıb. Amma bir müddət sonra bu qərar ləğv olunub.
İsayevin ailəsi onun Rusiyada saxlanmasını və məhkəmənin qərarını bloq yazıları ilə əlaqələndirib. Bloqer Azərbaycan hakimiyyətini tənqid edir, Prezident İlham Əliyevi “diktator” adlandırır, Azərbaycandakı korrupsiyadan danışırdı.
Həyat yoldaşı Svetlana İsayeva Rusiya hakimiyyətinə video-müraciətində deyib ki, İsayev “hədələnib, ona problemlər və qətl vəd ediblər”. “Onun Azərbaycana deportasiyası siyasi haqq-hesabdlır”, – qadın vurğulayıb.
Buna da bax: Tibb İdarəsi: 'Ə.Muxtarlının vəziyyəti sabitdir'Kiyevdə yoxa çıxıb və...
Rusiya pasportundan məhrum edilən İsayev sentyabrın sonunda Ukraynaya gedib. Ukrayna mediasının yazdığına görə, o, dekabrın 12-də Kiyevdə yoxa çıxıb. Sonuncu dəfə onu Kiyevdə tanışlarının yaşadığı rayonda görüblər. O vaxtdan nə qohumları, nə də Kiyevdəki vəkilləri İsayevdən xəbər tutublar və onun oğurlana biləcəyindən narahat olublar.
Elə həmin vaxt Azərbaycan hakimiyyəti onun “Ukraynanın miqrasiya qanunvericiliyini pozduğuna görə” həmin ölkədən deportasiya olunduğunu təsdiqləyib.
“Currenttime.tv” 2017-ci ildə müxalifətçi jurnalist Əfqan Muxtarlının da oxşar qaydayla Tbilisidə yoxa çıxdığını yada salır. O, evdən sənədsiz çıxıb, evə qayıtmayıb. Bir müddət sonra Azərbaycan hakimiyyəti onun Bakıda həbs olunduğunu təsdiqləyib. O, “hakimiyyət təmsilçisinə müqavimət göstərməkdə”, sərhədi qanunsuzkeçməkdə, qaçaqmalçılıqda ittiham olunub.
Elvin İsayev Ukraynadan Azərbaycana dekabrın 12- də deportasiya olunub. Dekabrın 18-də Baş Prokurorluq bloqerə ittiham elan olunduğunu açıqlayıb. Onun Azərbaycanda kütləvi iğtişaşlara və dövlət əleyhinə yönələn açıq çağırışlarda günahlandırıldığı bildirilib.