Kiyevlə separatçılar məhbus dəyişə bilərlər

Ukrayna və Rusiyanın məhbus mübadiləsi, 7 sentyabr, 2019-cu il

Ukraynanın şərqindəki münaqişənin nizamlanması üzrə üçtərəfli kontakt qrupunun üzvləri bu ilin sonunadək məhbus mübadiləsi üzrə razılıq əldə ediblər. Bu haqda dünən – dekabrın 23-də axşam Ukrayna prezidentinin idarəsi məlumat yayıb. Məlumatı ATƏT də təsdiqləyib.

Danışıqların video-konfrans rejimində aparıldığı bildirilir.

Ukraynanın kontakt qrupunda humanitar məsələlər üzrə təmsilçisi Valeriy Lutkovsky əldə olunan razılaşmanı “böyük xoşbəxtlik” adlandıraraq ümidini bildirib ki, Kiyev son dörd ildə Donetsk və Luqansk separatçılarının əsirliyində olanları qaytara biləcək.

Rusiyanın danışıqlardakı təmsilçisi Boris Qrızlov da saxlananların mübadiləsi üzrə razılaşma əldə olunduğunu təsdiqləyib.

Bu razılaşmanın Ukrayna və Rusiya prezidentləri Volodymyr Zelenskiy ilə Vladimir Putinin dekabrın 9-da Parisdəki Normand formatı danışıqlarında əldə edildiyi bildirilir.

Kiyevlə separatçılar arasında son məhbus mübadiləsi 2017-ci il dekabrın sonunda baş tutub.

Rusiya və Ukrayna isə sonuncu dəfə bu ilin sentyabrında məhbus mübadiləsi həyata keçiriblər. Hər iki tərəfdən 35 nəfər azad olunub.