Dumana görə reyslər təxirə salınıb

O'Hare Beynəlxalq Aeroportu

Qatı duman səbəbindən Çikaqonun iki aeroportunda azı 177 reys təxirə salınıb. Bu, ən çox səyahətlərin həyata keçirildiyi Milad bayramı ərəfəsində baş verib.

Dekabrın 24-də Federal Aviasiya Administrasiyası O’Hare və Midway beynəlxalq aeroportlarında uçuşları qısa müddətə dayandırıb. Daha 800 reysdə də yubanma baş verib.

Dekabrın 24-də yerli vaxtla səhər 6-nın yarısında ABŞ-ın üçüncü böyük şəhəri olan Çikaqonu qatı duman bürüyüb. Bu şəhər ən böyük nəqliyyat hablarından sayılır.

Yubanmalar təxminən dörd saat çəkib.

Bu arada Amerika Avtomobil Assosiasiyası (AAA) bildirib ki, bayram günlərində ölkə üzrə daha çox səyahətçi gözlənilir.

Qurumun proqnozuna görə, “104 milyon amerikalı maşınla səyahətə çıxacaq”, – AAA-nın sözçüsü Jeanette Casselano dpa agentliyinə deyib.