İran yenə internetə çıxışı məhdudlaşdırır

İranda internet bloklanır, 25 dekabr, 2019-cu il

Dekabrın 25-də İranın bir sıra vilayətlərində xarici saytlara mobil internetdən çıxış bağlanıb. Bir gün sonra ölkədə etirazların keçirilə biləcəyi deyilir.

İranın yarırəsmi ILNA xəbər agentliyinə görə, qadağa göstərişini “təhlükəsizlik orqanları” verib. Agentlik Kommunikasiya və İnformasiya Texnologiyası Nazirliyində mənbədən sitat gətirir.

Mənbəyə görə, Alborz, Kürdüstan, Zəncan vilayətlərində, eləcə də cənubdakı Fars vilayətində internet bloklanıb.

“Mənbə bildirir ki, daha artıq vilayətdə mobil internet bağlantısının kəsilməsi mümkündür”, – xəbər agentliyi vurğulayır.

Buna da bax: İranda öldürülmüş etirazçının ailəsi saxlanıb

Dekabrın 26-da noyabr etirazlarında öldürülənlərin 40 mərasimidir. Sosial media istifadəçiləri, eləcə də öldürülənlərin qohumları yenidən etirazlar keçirməyə çağırıblar.

Noyabrın 15-də hökumətin yanacağı bahalandırmasından sonra İranı etirazlar bürüdü. “Amnesty International” hüquq-müdafiə təşkilatı etirazlarda azı 304 nəfərin öldürüldüyünü bildirib.

İran rəsmiləri bu rəqəmləri şişirdilmiş adlandırıb, amma özləri də rəsmi rəqəm açıqlamayıblar.

Mitinqlərin pik dövründə ölkə boyu bir neçə gün internet işləməyib. Amma ölüm, zorakılıq səhnələrinin əks olunduğu kadrlar dünyaya sızdırılıb.

İran hakimiyyəti etirazlarda xarici ölkələrin əli olduğunu bildirib.