Konqresmenin ‘son savaşı’ xərçənglə olacaq

Konqresmen John Lewis

ABŞ-da vətəndaş hüquqları əfsanəsi, Nümayəndələr Palatasının Corciya ştatından demokrat üzvü John Lewis-ə dördüncü mərhələdə olan, irəliləmiş mədəaltı vəzi xərçəngi diaqnozu qoyulub. Açıqlamanı konqresmeninin ofisi dekabrın 29-da yayıb.

79 yaşlı, 17 dəfə Konqres üzvü olmuş Lewis açıqlamanı “rutin tibb ziyarəti”ndən sonra yayıb. O əlavə edib ki, müalicə almaqla yanaşı dairəsinə xidməti davam etdirəcək. Konqresmen Corciyanın ən böyük şəhəri Atlantanın böyük bir hissəsini təmsil edir.

“Demək olar, bütün həyatım boyu savaşmışam – azadlıq, bərabərlik, təməl insan haqları uğrunda. Ancaq indikinə oxşar savaşla heç vaxt üzləşməmişəm”, – Lewis deyib.

Buna da bax: ABŞ kütləvi deportasiyalara başlayacağını deyir

“Keçiləsi çox körpülərimiz var”

On illər boyunca vətəndaş hüquqları hərəkatında çalışmış Lewis vaxtilə kiçik Martin Luther King-in başçılıq etdiyi “Big Six” (Böyük Altılıq) qrupunun ən gənc və hazırda həyatda olan üzvüdür.

“Beləliklə, bildiyim, həmişə etdiyimi etmək qərarına gəldim: Onunla mübarizə aparacaq və sevimli Cəmiyyətim uğrunda savaşı davam etdirəcəyəm. Hələ keçiləsi çox körpülərimiz var”, – o vurğulayıb.

Lewis vətəndaş hüquqları dövründə azı 40 dəfə, 1986-cı ildə konqresmen seçiləndən isə bir neçə dəfə saxlanıb.

Son vaxtlar o, Prezident Donald Trump administrasiyasının ayrı saldığı immiqrant ailələrinin birləşdirilməsini təbliğ edirdi.

Mədəaltı vəzi xərçəngi 2018-ci ildə Birləşmiş Ştatlarda xərçəngdən ölüm hallarına səbəb olmuş üçüncü səbəb kimi göstərilir. Dördüncü mərhələli mədəaltı vəzi xərçəngi olan xəstələrin 3 faizə qədəri bu diaqnoz qoyulandan beş il sonra da həyatdadır. Bunu Amerika Xərçəng Cəmiyyəti bildirir.