Slovakiyada məhkəmə araşdırmaçı jurnalist Jan Kuciak və nişanlısının öldürülməsində beş şübhəlidən birinə qarşı hökm çıxarıb.
42 yaşlı Zoltan Andrusko-ya dekabrın 30-da 15 il həbs cəzası kəsilib. O, yeganə şübhəlidir ki, təqsirini boynuna alıb və iş üzrə şahid olmağa çalışıb.
Müstəntiqlər onun Kuciak-ı öldürməyə adam tapmaqda vasitəçi olduğunu bildirirlər.
Korrupsiyanı araşdıran jurnalist və nişanlısı Martina Kusnirova-nın 27 yaşı vardı. Hər ikisi 2018-ci ilin fevralında paytaxt Bratislava kənarındakı evlərində öldürülüblər. Bu qətllər ölkədə kütləvi etirazlara səbəb olub, Baş nazir Robert Fico-nun istefasıyla sonuclanıb.
Sahibkar Marian Kocner jurnalistin ölümünü sifariş verməkdə ittiham olunur. Kuciak siyasi əlaqələri olan biznesmenlərin iştirakıyla dələduzluq hallarından yazanda bu sahibkarın adını tez-tez çəkirdi.
Məhkəmələr üçün sınaq
Məhkəmə dekabrın 30-da Andrusko-nun ittiham tərəfi ilə əldə etdiyi 10 il həbs cəzası razılaşmasını rədd edib, daha uzun cəza təklif edib və təqsirləndirilən cəzanı qəbul edib.
Kocner və daha üç təqsirləndirilən hazırda həbsdədir və yanvarın 13-də məhkəmə qarşısına çıxarılacaqlar.
İttihamnaməyə görə, Kocner “fiziki baxımdan Jan Kuciak-dan canını qurtarmaq, jurnalistin gələcək araşdırmalarını önləmək istəyib” və jurnalistin gözdən salmaq üçün kompromat tapmayınca belə qərar verib.
İstintaq Kocner-in polis və dövlət rəsmiləri ilə əlaqələrini üzə çıxarıb. Bu iş Slovakiya məhkəmələrinin müstəqilliyinin sınağı sayılır.
Kocner təqsirli bilinərsə, minimum 25 il həbsə cəzası, yaxud ömürlük həbsə məhkum edilə bilər.
Bu qətl ictimaiyyətin Slovakiyada korrupsiya hallarından qəzəbini alovlandırıb, Fico 2018-ci ilin martında istefa verməli olub.