İŞİD İnquşetiyadakı hücuma görə məsuliyyəti götürüb

Arxiv fotosu

İslam Dövləti (İŞİD) ekstremist qruplaşması Rusiyanın Şimali Qafqazdakı İnquşetiya regionundakı hücuma görə məsuliyyəti üzərinə götürüb. Həmin hücumda bir polis əməkdaşı öldürülmüşdü.

Dekabrın 31-də iki gənc avtomobili polis əməkdaşının üzərinə sürüblər, daha sonra bıçaqla digər polis əməkdaşlarına hücum ediblər. Hadisə paytaxt Maqasda baş verib.

Region rəsmiləri hücum zamanı bir polis əməkdaşının öldüyünü, üçünün yaralandığını bildirir.

Hücum edənlərdən biri – 18 yaşlı Mikail Miziyev öldürülüb, 23 yaşlı Akhmed Imagozhev isə yaralanıb və hazırda xəstəxanadadır.

İŞİD yanvarın 1-də yaydığı bəyanatda hücum üçün məsuliyyət daşıdığını bəyan edib. Məlumatı cihadçı təşkilatların onlayn fəaliyyətini izləyən SITE Kəşfiyyat Qrupu yayıb.

İnquşetiya lideri Makhmud-Ali Kalimatov polisi “Yeni il ərəfəsində təhlükəsizliyi artırmadığı üçün” açıq şəkildə tənqid edib.

Şimali Qafqaz regionunda polisə və dövlət orqanlarına hücumlar illərdir davam edir. Sovet İttifaqı dağılandan sonra Rusiya Şimali Qafqaz regionunun Çeçenistan vilayətində separatçı hökuməti hakimiyyətdən uzaqlaşdırıb.